Prezident İlham Əliyevin gələn il minimum əməkhaqqının artırılması ilə bağlı verdiyi göstəriş dövlət büdcəsindən maliyyələşən bir sıra sahələrdə çalışanların maaşlarına da təsir edəcək.
“Yeni Sabah” xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, minimum əməkhaqqındakı artım yalnız aşağı maaş alanlara deyil, vahid Tarif Cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarına da şamil olunacaq.
Deputat qeyd edib ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif vəzifə maaşları da Prezidentin müvafiq sərəncamına uyğunlaşdırılaraq artırılacaq. Məbləğindən asılı olmayaraq, bu sektorlarda çalışanların əməkhaqlarında artım gözlənilir. pizza
V.Bayramovun sözlərinə görə, minimum əməkhaqqının artırılmasından sonra sosial, elm, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan, dövlət qulluqçusu statusu olmayan işçilərin də əməkhaqları artacaq.
Deputat bildirib ki, Vahid Tarif Cədvəlində maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilir. Hazırda VTC üzrə aylıq tarif maaşları 400 manatdan 1150 manatadək dəyişir. Birinci dərəcə üzrə əməkhaqqı 400 manat, ən yüksək dərəcə üzrə isə 1150 manat təşkil edir.
Onun sözlərinə görə, minimum əməkhaqqının artırılması praktik olaraq bütün dərəcələr üzrə maaşların yüksəlməsinə səbəb olacaq. Bu zaman əməkhaqqının hazırda minimum səviyyədən aşağı və ya yuxarı olması əsas meyar olmayacaq.
V.Bayramov müəllim və həkimlərin maaşlarına da toxunub. O qeyd edib ki, Səhiyyə Nazirliyinin tabeliyindəki müəssisələrdə əməkhaqqı VTC ilə tənzimləndiyi üçün həmin işçilərin maaşlarında artımlar olacaq.
“Elm və Təhsil Nazirliyinin və TƏBİB-in isə ayrıca keyfiyyət meyarlarına əsaslanan əməkhaqqı sxemi var. Bununla belə, hər iki sektorda aşağı maaşlarda artımlar həyata keçiriləcəyindən, dərəcələrarası fərq nəzərə alınmaqla əməkhaqları müəyyənləşdirildiyi üçün bu sahələrdə də müəyyən işçilərin maaşlarında artımların olması istisna deyil”, – deyə deputat bildirib.
Deputat vurğulayıb ki, minimum əməkhaqqı artırıldıqdan sonra Vahid Tarif Cədvəli üzrə yeni maaş məbləğləri Nazirlər Kabineti tərəfindən təsdiqlənəcək. Maaşların konkret neçə faiz artırılacağı isə həmin qərardan sonra məlum olacaq.
Aytac Əliyeva
Telegram kanalımız