15 Avqust - 15:57
Qarabağda məhv edilən “çoban” əslində kimdir?

Qarabağda məhv edilən “çoban” əslində kimdir?

Hadisə

04 Dekabr 2021 15:12 3895


Azərbaycan əsgərinə hücum etdiyi üçün zərərsizləşdirilən erməni ilə bağlı Ermənistan diplomatiyası fəal şəkildə iş aparır. Ermənistanın xarici işlər naziri artıq bir neçə ölkənin XİN rəhbəri ilə danışıqlar həyata keçirib.

Cidd-cəhdlə hadisəni mahiyyətindən yayındırmağa və terror cəhdini ört-basdır edib, Azərbaycanı günahkar çıxarmağa çalışırlar. Ancaq yalan istehsalında yanlışlar və boşluqlar bir-birinin ardınca sıralanır.

Əvvəlcə elan edildi ki, 1956-cı il təvəllüdlü erməni “azaraq” Azərbaycanın Ordusunun nəzarətində olan əraziyə keçib, əsir düşüb və öldürülüb.

Ardınca “istintaq komitəsi” adlı qondarma qurum müşahidə kameralarının video-görüntüsünü yaydı. Görüntüdən heç nə anlaşılmır, ancaq iddia edilir ki, erməni sakin “neytral əraziyə” keçib, orda əsir götürülüb və daha sonra öldürülüb, meyiti də azərbaycanlılardadır.

Ermənistan hələ aydınlaşdıra bilməyib ki, adam – yəni erməni - “neytral əraziyə” keçib, yoxsa “azaraq” Azərbaycan Ordusunun nəzarət etdiyi əraziyə gəlib.

1. Qarabağda, rus sülhməramlılarının nəzarəti altında olan torpaqlar da Azərbaycanındır, beynəlxalq hüquqla da belədir, faktla da. Azərbaycan Ordusu öz ərazisində sərhəd çəkməyib, neytral ərazi də yoxdur! Ordumuz yalnız hərbi posta və ya hərbi birliyin ərazisinə yaxınlaşmağa cəhd edən şəxsi saxlayır, “nəzarət etdiyi əraziyə” keçəni deyil. Nəinki erməni, hətta mən özüm də Azərbaycan Ordusunun hərbi hissəsinə, yaxud postuna yaxınlaşsam, saxlanacağam!

Bu, bütün dünyada belədir!

Əlbəttə, Qarabağdakı separatçılara münasibətdə bir qədər də sərtdir bu qayda. Çünki Ordumuz o separatçılardan həm də Azərbaycan xalqını qoruyur!

2. Azərbaycan Ordusu mülki şəxsi “əsir” götürmür, doğrudan da azaraq sərhəddən Azərbaycan ərazisinə keçən nəinki mülki şəxsi, hətta erməni əsgərlərini belə qısa müddətdə geri qaytarıb. Sonuncu dəfə 26 noyabrda rəsmi Bakı sərhəddə azaraq Azərbaycan ərazisinə keçən bir əsgəri və bir mülki şəxsi geri qaytarmışdı.

Azərbaycan “azanı” mühakimə də etmir, məhkəməyə də çıxartmır!

3. Azərbaycan əsgəri “əsir” öldürsəydi, dekabrda ələ keçirdiyi erməni terrorçuları və yaxud sonuncu dəfə 16 Noyabr döyüşlərində yaxaladığı erməni əsgərləri yerindəcə gəbərdərdi. Cəmi yarım ay bundan əvvəl sərhəddə əsl döyüş baş vermişdi, Azərbaycan Ordusu 7 əsgərini itirmişdi; 25 erməni döyüşdə məhv edilmişdi. Əgər qisas almaq istəsəydi, Azərbaycan əsgəri əsir götürməzdi, elə silahlarını atan erməni əsgərləri də güllələyərdi. Kim sübut edəcəkdi ki, onlar döyüşdə gəbərdilib, yoxsa əsir düşərkən, əllərini qaldırarkən?

Azərbaycan Ordusu əsir düşən, silahını atmağa məcbur edilən əsgəri öldürmədiyini dəfələrlə sübut edib, hətta erməni terrorçularına münasibətdə də. İndi necə ola bilər ki, 1956-ci il təvəllüdlü “mülki şəxsi”, “çobanı” əsir düşəndən sonra öldürür?

4. 8 noyabrda – Zəfər günündə Şuşa yaxınlığına gələn 4 erməni də guya “çilingər” idi, su borusunu təmir etmək üçün yaxınlaşmışdı.

1956-cı il təvəllüdlü erməninin çoban olduğunu kim sübut edə bilər? Azərbaycan əsgəri onun çobanmı, azanmı, yoxsa Ermənistan xüsusi xidmət orqanının informatorumu olduğunu necə dəqiqləşdirməlidir?

Əsgər postuna, hərbi hissəyə yaxınlaşan istənilən vətəndaş saxlanılmalı, aydınlaşma aparılmalıdır. Azərbaycan əsgəri də məhz bu işi görüb. Əmrlərə tabe olub, sorğu-sualda iştirak etməyibsə, əvəzində Azərbaycan əsgərinin üzərinə atılıbsa, bunun cavabı olmalıdır və olub.

5. Şuşa yaxınlığındakı posta qumbara atan və 3 Azərbaycan əsgərini yaralayan erməni Norayr Mirzoyan hanı? Onun istintaqı necə gedir? Niyə o, Xankəndidəki qondarma, heç kim tərəfindən tanınmayan separatçı tör-töküntüsünün “istintaqına” təhvil verilməli idi?

Şuşada mərasim keçirildiyi vaxt əraziyə yaxınlaşacaqsan və zərərsizləşdirildiyin vaxt “çilingər” olacaqsan; Azərbaycan postuna və ya hərbi hissəsinə yaxınlaşacaqsan və yaxalananda “çoban” olub, əsgərin üstünə atılacaqsan; Azərbaycan postuna bomba atıb, 3 əsgəri yaralayıb, sonra da ermənilərə “təhvil” verilib, qəhrəmana çevriləcək, şəninə təriflər deyiləcək, sənin üçün hesab açılacaq, pul yığılacaq və guya “saxlandığın” yerdə də krallar kimi qalacaqsan...

Norayr Mirzoyan terrorçudur. Hanı onun istintaqının nəticəsi? Niyə açıqlama verilmir? Niyə ermənilər 20 gündə bircə dəfə Mirzoyanın istintaqı ilə bağlı məlumat yaymayıb?

1956-cı il təvəllüdlü Seyran Sərkisyan da Azərbaycan əsgərinə xətər yetirib, rus hərbçisinin əlinə düşsəydi, yenə rus sülhməramlılarının nəzarəti altındakı Xankəndiyə sığınaraq, separatizmi körükləməyə çalışan terrorçuların “mühakiməsinə” veriləcəkdi və Ermənistan “daha bir qəhrəman” qazanmış olacaqdı.

13 noyabr Şuşa yaxınlığındakı posta bombalı hücum və bu hücumdan sonra N.Mirzoyanın qəhrəmanlaşdırılması sübut etdi ki, ermənilərin “dinci”, “silahsızı”, “mülkisi” olmur: bunlar potensial terrorçudurlar və mütləq şəkildə hərbi postumuza yaxınlaşarkən, yoxlanılmalıdırlar.

Qarabağda nə qədər erməni qalıb?

Putin Soçi görüşündə “52 mindən çox” dedi. O, rus sülhməramlılarının 2020-ci il 14 noyabrından sonra Qarabağa daşıyıb gətirdiyi ermənilərdən danışırdı.

Ancaq 2021-ci ilin sentaybr ayında Qarabağdakı separatçı tör-töküntüsünün rəhbəri Araik Arutyunyan rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında cəmi 30 min erməninin qaldığını təsdiqlədi.

Azərbaycan Prezidenti isə onların sayının 20 mini aşmadığını bildirdi.

Demək, əksəriyyət gedi qayıdıb.

Bəs, geri qayıdanlar kimdir?

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bir həftə öncə mediaya rəsmi açıqlamasında elan etdi ki, Ermənistandakı qaçqınların 85%-i qadın və uşaqdır.

Belə çıxır ki, Qarabağda qadın və uşaq həddən artıq azdır, qalanlar yalnız kişilərdir? Bu “kişilər” nə əcəb qalıblar? Onları Qarabağda saxlayan nədir?

Bu sualların cavabı Norayr Mirzoyanlardır, Seyran Sərkisyanlardır...

N.Mirzoyan haqda guya "qardaşı öldürüldüyü üçün qisas alan" obrazı yaratmaq istədilər. Sonra bəlli oldu ki, Mirzoyanın qardaşı-zadı ölüb eləməyib, bu adam sadəcə, Qarabağda vuruşan terrorçudur.

S.Sərkisyan da Azərbaycan əsgərini yaralayıb, Xankəndiyə təhvil verilsəydi, yəqin "İkinci Qarabağ savaşında öldürülən oğlunun qisasını almağa çalışan ata" obrazı düzəldəcəkdilər ondan.

Azərbaycan əsgəri terrorçunun 13 noyabrda aradan çıxmasına və rus sülhməramlılarının sayəsində Xankəndiyə qaytarılmasına bir dəfə təəssüfləndi.

Daha bir terrorçunun Azərbaycan əsgərinə hücum edib, sonra da Xankəndiyə verilməsinə dözməyəcək – dözmür də!/Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!