Rəqəmsal platformaların geniş yayılmasına baxmayaraq, lokal elanlar və fiziki reklam daşıyıcıları hələ də müəyyən ərazilərdə hədəf kütləyə birbaşa çıxış imkanı yaradır. Bununla yanaşı, istehlak bazarında “qiymətlə razılaşma” kimi qeyri-müəyyən yanaşmaların azalması və qiymətlərin açıq göstərilməsi həm hüquqi tələblər, həm də alıcı etibarı baxımından getdikcə daha çox ön plana çıxır.
Məsələ ilə bağlı “Yeni Sabah”a açıqlama verən iqtisadçı Elçin Rəşidov bildirib ki, bu kimi elanların əsas məntiqi sırf həmin bölgədəki alıcı və istehlakçılara xidmətləri birbaşa çatdırmaqdır:
“Məhz buna görə elanları həmin ərazilərdə yerləşdirirlər. Bunu internet və ya hər hansı elan saytı vasitəsilə etmək çətindir. Məsələn, Yasamalda hər hansı bir binanın blokunda mənzil satırsınız və istəyirsiniz ki, qonşulardan ora köçmək istəyən kimsə tez maraqlansın. Bu halda elanı blokun girişinə və ya liftin yanına yapışdırmaq daha məqsədəuyğundur. Bu, həm satışın sürətlə həyata keçirilməsinə, həm də birbaşa uyğun hədəf kütləsinə çatmağa kömək edir”. Elektronika məhsulları
Ekspert qeyd edib ki, kağız daşıyıcıda olan elanlar tez korlansa və ya sökülsə də, hələ də hədəflənmiş reklamın ən effektiv üsullarından biri sayılır:
“Kağız reklamları birbaşa istehlakçıların maraq və əhatə dairəsinə toxunduğu üçün günümüzdə də səmərəlidir. Bildiyiniz kimi, həm Türkiyədə, həm digər inkişaf etmiş ölkələrdə, həm də artıq Azərbaycanda qiymətləri gizlətmək və alıcıya baxıb qiymət müəyyən etmək kimi üsullar yavaş-yavaş tarixə qovuşur. Qanunvericilikdə də bu barədə təkmilləşdirmələr var və bu hal əslində cərimə səbəbidir. Qiymətlər şəffaf və açıq şəkildə göstərilməlidir. “Qiymət razılaşma yolu ilə” yazanlar çox vaxt alıcının nəbzinə görə qiymət təyin edirlər. Bu isə sui-istifadəyə və insanları aldatmağa açıq qapı saxlayır.
Şəffaf işləyən şəxslər və mağazalar nə “Instagram” səhifələrində, nə də yerləşdirdikləri elanlarda qiyməti gizlədir, əksinə, açıq şəkildə qeyd edirlər. Qiymət açıq yazıldıqdan sonra isə artıq “qiymətlə razılaşma mümkündür” kimi qeydlərə ehtiyac qalmır. Qiyməti gizlətmək və bu kimi üsullara əl atmaq günün sonunda istehlakçıları çaşdırmağa və onların seçim iradəsini zəiflətməyə hesablanır”.
Cəlalə Cəlalqızı
Telegram kanalımız