Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putini “dostum” adlandırmasına sərt etiraz edib. O, Putini qatil və təcavüzkar adlandıraraq belə bir münasibəti İkinci Dünya müharibəsi zamanı Adolf Hitlerlə dostluq etməyə bənzədib.
“Yeni Sabah” xəbər verir ki, Zelenski bu barədə Kiyevdə BBC-yə müsahibəsində danışıb. Tramp daha əvvəl Putinlə münasibətlərinin yaxşı olduğunu bildirərək onu “dostum” adlandırmışdı. Bu sözlərə münasibət bildirən Zelenski deyib ki, Putinə dost demək qəribədir.
“Əlbəttə, bu, ABŞ prezidentinin öz qərarıdır. Amma bu, qəribədir. O, təcavüzkar və qatildir. Onunla dost olmaq olmaz. Bu, İkinci Dünya müharibəsi zamanı Hitlerə dostum demək kimidir”, – deyə Zelenski bildirib. İnternet mağaza
Ukrayna lideri ABŞ-nin Rusiya ilə danışıqlarda kifayət qədər təzyiq göstərmədiyini də söyləyib. Onun sözlərinə görə, Rusiyanın hücumları nəticəsində mülki şəxslərin ölümü artdığı halda, Vaşinqton Moskvanı dayandırmaq üçün daha qəti addımlar atmalıdır.
Zelenski ABŞ-nin Ukraynaya hərbi dəstəyinin gecikməsindən də narazılığını ifadə edib. O bildirib ki, Ukrayna ordusu Rusiyanın pilotsuz uçuş aparatlarının təxminən 70 faizini məhv edə bilir. Lakin ballistik raketlərin qarşısını almaq üçün hava hücumundan müdafiə sistemlərində ciddi çatışmazlıq var. Prezident xüsusilə ABŞ istehsalı olan “Patriot” sistemlərinin Ukraynaya çatdırılmasının gecikdiyini vurğulayıb. O, Vaşinqtonun Yaxın Şərqə daha çox diqqət ayırmasını da tənqid edib.
Zelenskinin sözlərinə görə, Ukrayna ilə Rusiya arasında sülh danışıqlarının dekabr ayında yenidən başlaması gözlənilir. Lakin Avropa nümayəndələrinin danışıqlarda iştirak edib-etməyəcəyi hələ məlum deyil.
Əsmətxanım Rzazadə
Telegram kanalımız