Bəzən insanın qulağının içində elə güclü qaşınma yaranır ki, əlini çəkmək mümkün olmur. Bir çoxları bunu qulaqda kükürdün çoxalması ilə əlaqələndirib qulaq çöpü ilə təmizləməyə çalışır. Ancaq bu hərəkət vəziyyəti daha da pisləşdirə bilər.
“Yeni Sabah” xəbər verir ki, qulaq kanalında yaranan güclü qaşınmanın bir neçə səbəbi ola bilər. Bunlardan biri qulaq kirinin, yəni kükürdün çoxalmasıdır. Qulaq kiri əslində zərərli maddə deyil. O, qulaq kanalını nəmləndirir, toz və mikroblardan qoruyur. Lakin həddindən artıq yığıldıqda qaşınma, qulaqda doluluq və eşitmənin zəifləməsi yarada bilər.
Amma qulağın içində xüsusilə güclü qaşınma varsa, başqa səbəblər də nəzərə alınmalıdır. Qulaq kanalının dərisi su, şampun, sabun, qulaqcıq və ya qulaq çöpü səbəbindən qıcıqlana bilər. Qulağı qaşımaq və içinə müxtəlif əşyalar salmaq da dərini zədələyərək iltihaba yol aça bilər. Sezar pizza
Digər ehtimal isə xarici qulaq yolu iltihabıdır. Bu problem həm bakteriya, həm də göbələk səbəbindən yarana bilər. Güclü qaşınma xəstəliyin ilk əlamətlərindən birisir. Sonradan ağrı, şişkinlik, qulaqda tutulma və axıntı da yaranır.
Qulağın içinin qaşınmasının səbəbi bəzən dəri problemləri də ola bilər. Ekzema və digər dəri xəstəlikləri qulaq kanalının içində də yarana və güclü qaşınmaya səbəb ola bilər.
Bəs insan özü necə bilsin ki, problem kükürddəndir?
Qulaq kirinin çoxalması zamanı adətən yalnız qaşınma olmur. Qulaqda doluluq və tutulma hissi, eşitmənin zəifləməsi, bəzən küy və narahatlıq da meydana çıxır. Ancaq dəqiq səbəbi evdə müəyyən etmək çətindir. Həkim xüsusi cihazla qulaq kanalına baxaraq kükürdün yığılıb-yığılmadığını asanlıqla müəyyən edə bilər. Mütəxəssislər qulaq kanalına qulaq çöpü, barmaq, sancaq və digər əşyalar salmağı məsləhət görmür. Bu, kükürdü daha dərinə itələməklə yanaşı, qulaq kanalının həssas dərisini cızaraq infeksiya riskini də artırır.
Qulaq qaşınmağa başlayanda ən düzgün addım onu qaşımamaq və qulağı quru saxlamaqdır. Həkim məsləhəti olmadan qulağa spirt, yağ, peroksid və ya müxtəlif dərman damcıları tökmək də düzgün deyil. Çünki qaşınmanın səbəbi kükürd, göbələk, bakterial iltihab və ya sadəcə qıcıqlanma ola bilər və bunların müalicəsi eyni deyil. Xüsusilə qaşınma çox güclüdürsə, bir neçə gün davam edirsə və ya sonradan ağrı, axıntı, eşitmənin zəifləməsi, qulaqda tutulma və şişkinlik yaranırsa, LOR həkiminə müraciət etmək lazımdır.
Bəzən qulağı rahatlatmaq üçün edilən ən sadə hərəkət onu qaşımaq əslində problemi daha da böyüdə bilər.
Əsmətxanım Rzazadə
Telegram kanalımız