Prezidentin sabiq müşaviri vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Prezidentin sabiq müşaviri vəfat etdi

Rəsmi

15 Dekabr 2025 13:31 974


Prezident İlham Əliyev tanınmış ictimai xadim Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıb.

"Yeni Sabah"ın xəbərinə görə, nekroloqda deyilir: 

"Azərbaycan ictimaiyyətinə ağır itki üz verib. Tanınmış ictimai xadim, iqtisad elmləri doktoru, professor, Əməkdar elm xadimi və Əməkdar dövlət qulluqçusu Vahid Cümşüd oğlu Axundov 2025-ci il dekabrın 14-də ömrünün 84-cü ilində vəfat edib. 

Vahid Axundov 1942-ci il fevralın 2-də Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1959–1964-cü illərdə Azərbaycan Neft və Kimya İnstitutunda mühəndis-iqtisadçı ixtisası üzrə ali təhsilə yiyələnib.

Vahid Axundov 1969-cu ildə iqtisad elmləri namizədi və 1981-ci ildə iqtisad elmləri doktoru alimlik dərəcələrini, 1986-cı ildə professor elmi adını alıb.

Əmək fəaliyyətinə 1959-cu ildən başlayan Vahid Axundov 1964-cü ilədək Bakı dəri-qalantereya fabrikində və Bakı avtomobil ehtiyatı hissələri zavodunda müxtəlif işlərdə çalışıb. O, 1965–1966-cı illərdə Dövlət Plan Komitəsində iqtisadçı, 1966–1970-ci illərdə Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda böyük və baş iqtisadçı, 1970–1987-ci illərdə Dövlət Plan Komitəsinin Elmi Tədqiqat İqtisadiyyat və Planlaşdırma İnstitutunda şöbə müdiri, elmi işlər üzrə direktor müavini və direktor, 1987–1991-ci illərdə Nazirlər Kabineti yanında Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunda elmi işlər üzrə prorektor vəzifələrini tutub.

Vahid Axundov 1991–1993-cü illərdə Prezidentin müşaviri və Azərbaycan Respublikasının iqtisadi siyasət üzrə Dövlət müşaviri, 1993-cü ilin may–noyabr aylarında Nazirlər Kabinetinin İqtisadi siyasət və beynəlxalq əməkdaşlıq mərkəzinin direktoru – Baş nazirin baş iqtisadi müşaviri olub. O, 1993-cü ildən 2017-ci ilədək İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri vəzifəsini icra edib.

Vahid Axundov uzun illər Azərbaycanın milli maraqlarının qorunması naminə bilik və bacarığını əsirgəməyərək, peşəkarlığı və təşəbbüskarlığı sayəsində ölkədə iqtisadi islahatların uğurla aparılmasında, iqtisadiyyatın bütün sahələrinin dinamikliyinin təmin olunmasına yönəlmiş dövlət proqramları və konsepsiyalarının hazırlanıb müvəffəqiyyətlə gerçəkləşdirilməsində təqdirəlayiq fəaliyyət göstərib. Öz işində hər zaman obyektivlik və prinsipiallıq nümayiş etdirməklə dövlətçilik mövqeyindən çıxış etməsi ona dərin hörmət və ehtiram qazandırıb. Vahid Axundovun tədqiqatçı alim kimi iqtisadiyyatın ayrı-ayrı problemlərinin öyrənilməsinə dair 150-dən artıq sanballı araşdırması mütəxəssislər tərəfindən rəğbətlə qarşılanıb.

V. Axundovun dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyəti və iqtisad elminin inkişafındakı xidmətləri yüksək qiymətləndirilib. O, 1992-ci ildə “Əməkdar elm xadimi”, 2006-cı ildə “Əməkdar dövlət qulluqçusu” fəxri adlarına layiq görülüb, 2007-ci ildə “Şöhrət”, 2012-ci ildə “Şərəf” ordenləri ilə təltif edilib.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Şahmar Mövsümov

Natiq Əmirov

Mikayıl Cabbarov

Azər Əmiraslanov

Ziyad Səmədzadə.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!