Yeni tədris ilinin başlaması ilə məktəbə gedən uşaqların qidalanması, xüsusilə səhər yeməyi məsələsi valideynlərin əsas diqqət etdiyi mövzulardan birinə çevrilib.
Bu barədə "Yeni Sabah"a Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova açıqlama verib.
Mütəxəssis bildirib ki, xüsusilə birinci növbədə oxuyan uşaqların səhər yeməyi yemədən məktəbə getməsi düzgün deyil. pizza hut
"20 yaşa qədər orqanizm daim inkişaf prosesindədir. Bu dövrdə uşağın makro və mikroelementlərə, vitaminlərə və minerallara ehtiyacı var. Uzun müddət ac qalmaq və günə düzgün qidalarla başlamamaq inkişafdan geri qalmağa və müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər".
M.Hüseynova səhər saatlarında iştahı olmayan uşaqların zorla yedirdilməməsini tövsiyə edib.
"Uşaq çox erkən saatlarda oyanırsa və iştahı yoxdursa, onu zorla yedirtmək əvəzinə az miqdarda və yüngül qida vermək olar. Daha sonra yeməsi üçün müxtəlif qidalar hazırlamaq və ya məktəbdə əlçatan faydalı qidalardan istifadə etmək mümkündür".
Mütəxəssis səhər yeməyində zülal və mürəkkəb karbohidratlara üstünlük verilməsini məsləhət görüb.
"Yumurta, pendir, digər süd məhsulları, zülal mənşəli qidalar, tam taxıllı çörək və yulaf səhər yeməyi üçün yaxşı seçimlərdir. Mürəkkəb karbohidratlar uşağın daha uzun müddət tox qalmasına kömək edir".
O, uşaqların məktəbə meyvə və çərəz aparmasının da faydalı olduğunu qeyd edib.
"Mövsümi və yerli meyvələr vitaminlə zəngin qida qəbuluna kömək edir. Çərəzlərdən isə bir ovucdan çox olmamaq şərtilə istifadə etmək olar. Xüsusilə qoz və badam həm faydalı yağlarla təmin edir, həm də beynin fəaliyyətinə və yaddaşa dəstək olur".
M.Hüseynova şəkərli qidaların səhər yeməyində mütəmadi qəbulunu məsləhət görməyib.
"Ac qarına şokoladlı bulkalar, şokoladlı səhər yeməkləri və şəkərli içkilər gündəlik istifadə olunmamalıdır. Bunlar qanda şəkərin səviyyəsini sürətlə yüksəldir və sonra aşağı salır. Nəticədə uşaq tez aclıq hiss edə və həddindən artıq boş kalori qəbul edə bilər".
Onun sözlərinə görə, uşaqların yuxu rejimi də qidalanmaya birbaşa təsir edir.
"Uşaqların gec yatması iştahsızlığa və ya həddindən artıq yeməyə səbəb ola bilər. Ona görə də sağlam yuxu rejiminə diqqət etmək vacibdir".
Mütəxəssis məktəbə yaxın ərazidə və ya bufetdə faydalı qidalar olmadıqda valideynlərin uşağa evdən qida hazırlaya biləcəyini bildirib.
"Çörəkarası sendviç, meyvə, su və çərəz uşağın özü ilə məktəbə apara biləcəyi rahat qidalardır. Bunlar onun gün ərzində enerjili və gümrah qalmasına, diqqətini dərsə daha yaxşı yönəltməsinə kömək edə bilər".
Aytac Əliyeva
Telegram kanalımız