Birinci Qarabağ müharibəsinin şəhidi Veysəl Qasımovun anası Sara Qasımova vəfat edib.
Bu barədə "Yeni Sabah" a mərhumun yaxınları məlumat verib.
Şəhid anası Bakıda dəfn olunub. Yas mərasimi aprelin 30-da “Vida” mərasim evində keçiriləcək.
Qeyd edək ki, S.Qasımova yeganə övladı, Şuşa uğrunda gedən döyüşlərdə şəhid olan Veysəl Qasımovu 31 il 8 ay 9 gün gözləmişdi.
Veysəlin nəşi 2023-cü il oktyabrın 4-də Şəhidlər Xiyabanında böyük izdihamla torpağa tapşırılıb. Bu, həm ananın, həm də Veysəlin xanımı Mərziyə Qasımova və iki qız övladının uzun illərdir gözlədiyi məqam idi.
Veysəl Qasımov peşəkar idmançı kimi tanınırdı. Onun idmançı olması döyüşlərdə düşmənə qarşı əlavə üstünlük yaratmış və qəhrəmanlıqla vuruşmasına imkan vermişdi.
Şəhidin ömür-gün yoldaşı Mərziyə Qasımova uzun illər qaynanası Sara xanıma doğma qızı kimi qayğı göstərmiş, ona böyük hörmət və qulluq edib.
Sara Qasımova gözünün nuru olan yeganə oğlu Veysəlin ruhuna qovuşdu. Hər ikisinin məkanı cənnət olsun.
Xatırladaq ki, 1963-cü il noyabrın 17-də Bakıda anadan olan V.Qasımov 1992-ci il yanvarın 26-da Daşaltı əməliyyatı zamanı şəhid olub.
Aytəkin Əzizqızı
Telegram kanalımız