Şəhid Mais Verdiyev anıldı - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Şəhid Mais Verdiyev anıldı - FOTOLAR

Sosial

11 Aprel 2024 19:28 1555


Birinci Qarabağ Müharibəsi şəhidi Mais Akif oğlu Verdiyevin anım mərasimi keçirilib. Şəhadətə yüksəlməyinin 31-ci ildönümündə şəhidin anasının yaşadığı Balaxanı qəsəbəsində abidə-bulaq kompleksinin açılış mərasimi olub. 

Yenisabah.az xəbər verir ki, anım mərasimi Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olan şəhidlərimizin xatirəsini yad etməklə başlayıb. 

Şəhidin yaxın qohumu, tanınmış jurnalist Seymur Verdizadə tədbir iştirakçılarını salamlayıb. O, şəhidlərimizin xatirəsinin əziz olduğunu, onların adının daim əbədiləşdirildiyini bildirib. Qeyd edib ki, Mais Verdiyevin adını daşıyan bulaq-abidə kompleksinin yaradılması bu məqsədə xidmət edir: "Mais müstəqil Azərbaycanın yeni yaranan ordusunun ilk əsgərlərindən idi. O, müharibə başlayanda Rusiyada yaşasa da, Vətənin ağır günündə kənarda qalmağı özünə sığışdırmayaraq, Azərbaycana dönmüş, könüllü şəkildə Milli Ordu sıralarına yazılmışdı. 1993-cü ilin 11 aprelində Cəbrayılda qanlı döyüşlərdə qəhrəmancasına şəhid olmuşdu. Mais kimi igid oğullarımızın xatirəsi daim qəlbimizdə yaşayacaqdır".  pizza mizza

“Qarabağ Qaziləri” Birliyinin Cəbrayıl rayon filialının sədri İxtiyar Hüseynov Maisin keçdiyi şərəfli döyüş yolundan danışıb. Keçmiş döyüşçü bildirib ki, şəhadətə yüksəldiyi gün Mais son nəfəsinə kimi vuruşub: "O, ölümün gözünə dik baxmağı bacardı. Müzəffər Azərbaycan Ordusu Mais kimi igid oğulların sayəsində təşəkkül tapdı, gücləndi. Maisə və onun timsalında bütün şəhidlərimizə vəfa borcumuz var". 

“Qarabağ Qaziləri” Birliyinin Cəbrayıl rayon filialının sədr müavini Mais Səfərov Azərbaycan xalqının öz bətnindən həmişə qəhrəman oğullar doğurduğunu bildirib. O, Mais Verdiyevin həmin oğullardan biri olduğunu vurğulayıb: "Maisin ruhu indi şaddır. Çünki Cəbrayıl düşmən işğalından azad olunub, suverenliyimiz bərpa edilib, yurdumuzun dörd bir yanında üçrəngli bayrağımız dalğalanır. Mais kimi qəhrəman oğul dünyaya gətirən ananı hörmət və ehtiramla salamlayırıq". 

Birinci Qarabağ Müharibəsinin iştirakçısı, Maisin döyüşçü yoldaşı Saday Səfərov 1990-cı illərə ekskursiya edib. O, Maisin cəsur döyüşçü olduğunu bildirib: "Mais fiziki gücü, peşəkar hazırlığı ilə hamıdan seçilirdi. Hərbçiyə xas ciddiyyət, dəmir intizam onun xarakterində cəmləşmişdi. O, heç bir döyüşdə əsgər yoldaşlarını tək qoymadı. Mais həm Vətən, həm də döyüşçü dostları uğrunda özünü fəda etdi. Mais Akif oğlu Verdiyev kimi qəhrəman oğulların keçdiyi şərəfli döyüş yolunu gələcək nəsillərə çatdırmaq vicdan borcumuz olmalıdır".   

Şəhidin anası Adilə Verdiyeva tədbir iştirakçılarına öz minnətdarlığını bildirib. Şəhid anası deyib ki, Vətənin başının üstünü qara buludlar alanda Mais könüllü şəkildə silaha sarılıb: "Onun yolu haqq yolu idi. Biz onu bu yoldan döndərə bilməzdik. Mais öz yolu ilə getdi. İndi o, cənnətdən bizə baxır. Tək təsəllim odur ki, Maisin şəhid olduğu torpaqlar azaddır. Maisin qanı yerdə qalmadı. Allah cəmi şəhidlərimizə rəhmət eləsin". 

Şəhidin qardaşı Malik Verdiyev soyuq havada açılış mərasiminə yığışan tədbir iştirakçılarına ailə üzvləri adından minnətdarlıq edib. O, Maisin adının əbədiləşdirilməsi üçün bundan sonra da səylə çalışacaqlarını bildirib. 

Anım mərasimi şəhid anası tərəfindən bulağın açılması ilə başa çatıb. 

Sonra şəhidin adına ehsan süfrəsi açılıb. 

Allah rəhmət eləsin! 

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!