İki ölkə arasında sərhədi keçmək artıq saatlarla davam edən yol olmayacaq. Çin və Rusiya arasında tikilən yeni xətt vasitəsilə bir ölkədən digərinə cəmi bir neçə dəqiqəyə getmək mümkün olacaq.
"Yeni Sabah" xəbər verir ki, Çin və Rusiya Amur çayı üzərindən keçən böyük kanat yolu xətti ilə birləşdirilir. Layihə Çinin Heyhe şəhəri ilə Rusiyanın Blaqoveşensk şəhərini birləşdirəcək. Xətt iki şəhərin arasından keçən Amur çayını havadan aşacaq.
Kanat yolu xəttinin üfüqi məsafəsi 970 metr olacaq. Qarşılıqlı hərəkət edəcək iki böyük kabinin hər biri eyni vaxtda 110 sərnişin daşıya biləcək. pizza hut
Sistemin sürəti saniyədə 12 metrə çatacaq. Bunun sayəsində sərnişinlər çayın digər sahilinə cəmi 6-8 dəqiqəyə çata biləcəklər.
Səfərin qısa olması sərhəd qaydalarını dəyişməyəcək. Kanat yolundan istifadə edən sərnişinlər kabinəyə minməzdən əvvəl gömrük, təhlükəsizlik və pasport yoxlamasından keçməli olacaqlar.
Xəttin tikintisinə 2019-cu ildə başlanılıb. Layihənin əsas tikinti işləri artıq başa çatıb. Kanat yolu xəttinin 2027-ci ildən tam gücü ilə sərnişin daşımağa başlaması planlaşdırılır. Sistemin ildə bir istiqamətdə 2,6 milyon sərnişin daşımaq imkanına malik olacağı bildirilir.
Əsmətxanım Rzazadə
Telegram kanalımız