Tələbə yox, turist yox, Bakıda kirayə evlər niyə ucuzlaşmır?
10 Avq 2020 15:05
608

Tələbə yox, turist yox, Bakıda kirayə evlər niyə ucuzlaşmır?

Son illər Azərbaycanda evlərin qiymətində davamlı artım müşahidə olunur. Pandemiyanın iqtisadiyyata, turizmə və digər sahələrə mənfi təsir göstərdiyi kimi, mənzil bazarını vuracağı da ehtimal edilirdi. Lakin müşahidələrə əsasən, kirayə evlərin qiymətində heç bir azalmanın olmadığını deyə bilərik.

Maraqlıdır, kirayə evlərin ucuzlaşmama səbəbi nədir?

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Yenisabah.az-a açıqlamasında bildirib ki, mərkəz hissələrdə qiymətlərin dəyişməsi, adətən, bazardakı ümumi vəziyyətdən asılı olmur:

“Burada biz daha çox gündəlik kirayə evlərin bahalaşmasını müşahidə edə bilərik. Kirayə bazarında əsas hissəni təşkil edən mənzillər və yaxud fərdi yaşayış evləri daha çox mərkəzə yaxın və mərkəzdən kənar olan ucuz evlərdir ki, onların qiymətlərində hazırda hər hansı artım müşahidə olunmur. 

Qarşıdakı dövrdə isə təbii ki, bazarda müraciətlərin sayında kəskin artım müşahidə olunsa, qiymət də artacaq, bu, qaçılmazdır. Pandemiyadan sonrakı dövrdə tədris müəssisələrinin fəaliyyəti bərpa olunarsa, bu, mütləq ki, qiymət artımına gətirib çıxaracaq. Amma qeyd etdiyim kimi, hələki biz kirayə mənzil bazarında ciddi bir dəyişiklik müşahidə etməmişik. Əksinə ötən dövrlərdə baş verən istər iqtisadi proseslər, istər inzibati tədbirlərlə əlaqədar olaraq biz kirayə mənzillərin qiymətində müəyyən ucuzlaşma meylləri müşahidə etmişik”. 

Ramil Osmanlı diqqətə çatdırıb ki, qiymət artımı daha çox kirayə bağ sahələrində baş verib:

“Bunun da səbəbi məlumdur, insanlar hazırda bağ evinə üstünlük verirlər. Bu, hazırda alqı-satqı əməliyyatlarında da özünü göstərməkdədir. İnsanlar yaşayış yeri seçərkən fərdi yaşayış evlərinə daha çox üstünlük verirlər. İndiki psixoloji şərait bunu diqtə edir. Qarşıdakı dövrlərdə təbii ki, bu proses dəyişəcək, amma hələ ki bunu müşahidə edirik”. 

Ekspert vuğulayıb ki,  Nərimanov, Gənclik, İnşaatçılar kimi ərazilərə axın, tələbat həmişə böyük olub. Lakin qiymətlərin ucuzlaşmama səbəbi bununla əlaqədar deyil:

“Karantin rejimi qiymətlərdə azalmaya gətirib çıxarmalı idi. Lakin bu ərazilərdə heç bir azalma müşahidə olunmadı. Bunun da əsas səbəbi kirayə verənlərlə kirayə götürənlərin bir çoxu arasında pandemiya ilə əlaqədar olaraq qarşılıqlı razılaşmanın əldə olunmasıdır. Bu razılaşma indiki şəraitdə kirayə mənzillərin kütləvi şəkildə boşalmasının qarşısını aldı. Nəticədə təklif artmadı. İllərdir ki, bazarda təklifin məhdudlaşması prosesi davam edir. Bu Sovetski, “Kubinka”, Bayıl kimi ərazilərdə söküntülərin, şəhərsalma prosesinin sürətlənməsi hesabına  olur. Qarşıdakı  dövrlərdə vəziyyətin necə olacağını demək isə hələlik tez və çətindir. Bu prosesləri tam şəkildə təhlil etmək növbəti  ilin əvvəlində mümkün olacaq”.

Sayad HƏSƏNLİ

Tələbə yox, turist yox, Bakıda kirayə evlər niyə ucuzlaşmır?
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər