Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə mümkün görüşün dekabrda ABŞ-də keçiriləcək G20 sammiti çərçivəsində baş tuta biləcəyini açıqlayıb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Zelenski oktyabrın 17-də jurnalistlərlə söhbəti zamanı bildirib. Məlumat Ukraynanın “NV” nəşrində dərc olunub.
Ukrayna lideri görüşün başqa neytral məkanlarda keçirilməsinin də mümkün olduğunu vurğulayıb. Onun sözlərinə görə, danışıqlar Yaxın Şərq ölkələrindən birində, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri və ya Səudiyyə Ərəbistanında təşkil oluna bilər. Digər variant isə görüşün ABŞ-də keçiriləcək G20 sammiti çərçivəsində baş tutmasıdır. Dördpendirli pizza
Zelenski bildirib ki, hazırda nə Rusiya, nə də ABŞ tərəfindən görüşün keçirilməsi ilə bağlı rəsmi təsdiq verilib. O, Avropa ölkələrindən birinin də danışıqlar üçün platforma ola biləcəyini qeyd edib. Prezidentin sözlərinə görə, avropalı tərəfdaşlar artıq bu istiqamətdə təmaslara başlayıblar.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp oktyabrın 16-da dekabrda Mayamidə keçiriləcək G20 sammitində Vladimir Putini görmək istədiyini bildirib. ABŞ dövlət katibi Marko Rubio da Rusiya liderinə rəsmi dəvət göndərildiyini təsdiqləyib.
Kremlin mətbuat katibi Dmitri Peskov isə dəvətə görə Vaşinqtona minnətdarlığını ifadə etsə də, Putinin ABŞ-yə səfəri ilə bağlı hələlik yekun qərarın verilmədiyini açıqlayıb.
Telegram kanalımız