Uşaqların fiziki sağlamlığı ilə yanaşı, psixoloji vəziyyəti də getdikcə daha ciddi problemə çevrilir. Son illər uşaqlar arasında narahatlıq, tənhalıq hissi, özgüvən çatışmazlığı və ünsiyyət problemləri sürətlə artır. Ən təhlükəli məqam isə bu dəyişikliklərin bir çox hallarda valideynlər tərəfindən vaxtında fərq edilməməsidir.
Bəs Azərbaycanlı uşaqlar ən çox hansı psixoloji risklərlə üz-üzədir?
“Yeni Sabah”a mövzu ilə bağlı danışan psixoloq-pedaqoq Zeynəb Əyyubova hazırda uşaqların qarşılaşdığı əsas risklərdən və valideynlərin üzərinə düşən vəzifələrdən söz açıb: pizza
“Müasir dövrdə texnologiyanın sürətli inkişafı, sosial münasibətlərdəki dəyişikliklər və ailə həyatının dinamikası uşaqların qarşısında yeni çağırışlar yaradıb.
Hazırda Azərbaycanlı uşaqların qarşılaşdığı ən ciddi problemlərdən biri psixoloji rifahın zəifləməsi və emosional çətinliklərin artmasıdır. Bunun əsas səbəbləri arasında valideyn-uşaq ünsiyyətinin azalması, rəqəmsal cihazlardan həddindən artıq istifadə, akademik təzyiq, sosial şəbəkələrin təsiri və bəzi hallarda ailədaxili konfliktlər yer alır. Maddi təminat vacib olsa da, uşağın emosional ehtiyaclarının qarşılanması da ən az onun qədər əhəmiyyətlidir”.
Z. Əyyubova qeyd edib ki, telefon və digər rəqəmsal cihazlara bağlılıq uşaqları real həyatdan uzaqlaşdırır:
“Son illərdə uşaqlar arasında narahatlıq, özgüvən problemləri, diqqət çatışmazlığı, sosial təcrid və emosional həssaslıq hallarının daha çox müşahidə edildiyini görürük. Xüsusilə ekran qarşısında keçirilən vaxtın artması uşaqların canlı ünsiyyət bacarıqlarına, emosiyalarını ifadə etmə qabiliyyətinə və sosial münasibətlərinə təsir göstərir. Bəzi uşaqlar virtual mühitdə özlərini daha rahat hiss etsələr də, real həyatda ünsiyyət qurmaqda çətinlik çəkirlər.
Bu problemlər vaxtında həll edilmədikdə gələcək nəsillərin psixoloji sağlamlığına və sosial inkişafına təsir göstərə bilər. Emosional dayanıqlılığı zəif, stresslə mübarizə bacarıqları yetərincə formalaşmamış gənclərin sayı arta bilər. Buna görə də ailə, məktəb və cəmiyyət birlikdə uşaqların təhlükəsiz, dəstəkləyici və sevgi dolu mühitdə böyüməsinə şərait yaratmalıdır.
Valideynlərə tövsiyəm odur ki, uşaqları ilə keyfiyyətli vaxt keçirsinlər, onları dinləsinlər, hisslərini ifadə etmələrinə imkan versinlər və rəqəmsal texnologiyalardan istifadədə sağlam balans yaratsınlar. Uşağın ən böyük ehtiyaclarından biri eşidilmək, anlaşılmaq və qəbul edilməkdir.
Uşaqların müdafiəsi yalnız onların fiziki təhlükəsizliyinin qorunması deyil, həm də psixoloji sağlamlığının və xoşbəxt gələcəyinin təmin edilməsidir”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız