Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcminin 16 milyon tondan 25 milyon tona çatdırılması ölkənin beynəlxalq yükdaşımalarından əldə etdiyi gəlirləri əhəmiyyətli dərəcədə artıra bilər.
“Yeni Sabah” xəbər verir ki, bunu deputat Vüqar Bayramov bildirib. O qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətlərində Azərbaycan vasitəsilə həyata keçirilən daşımalara tələbatın artdığını vurğulayıb.
V.Bayramovun sözlərinə görə, 2025-ci ildə dəmir yolları vasitəsilə 16 milyon 813 min ton yük daşınıb. Bunun 14 milyon 269 min tonu beynəlxalq yükdaşımaların payına düşüb. Beynəlxalq daşımaların 6 milyon 695 min tonunu birbaşa tranzit yüklər təşkil edib. İdxal yüklərinin həcmi 4 milyon 723 min ton, ixrac yüklərinin həcmi isə 2 milyon 850 min ton olub. Toyuqlu pizza
Deputat bildirib ki, ötən il dəmir yolu ilə yükdaşımadan 383 milyon 996 min manat gəlir əldə edilib. Bunun 333 milyon 911 min manatı beynəlxalq yükdaşımaların payına düşüb.
Bundan başqa, 2025-ci ildə hava nəqliyyatı ilə yükdaşımalardan 2 milyard 398 milyon manat gəlir əldə olunub. Bu məbləğin 2 milyard 397 milyon manatı beynəlxalq yükdaşımaların hesabına formalaşıb.
Dəniz nəqliyyatı üzrə beynəlxalq yükdaşımalar 57 milyon 382 min manat, boru kəmərləri üzrə 266 milyon 560 min manat, avtomobil yolları üzrə isə 204 milyon 275 min manat gəlir gətirib.
Beləliklə, rəsmi rəqəmlərə əsasən, 2025-ci ildə beynəlxalq yükdaşımalar üzrə əldə olunan ümumi gəlir 3,3 milyard manatdan çox olub.
V.Bayramovun hesablamasına görə, tranzit yük həcminin 16 milyon tondan 25 milyon tona çatdırılması ilə bağlı hədəfin reallaşması beynəlxalq yükdaşımalar üzrə illik gəlirin 5 milyard manatdan çox olmasına imkan yarada bilər.
Deputat qeyd edib ki, bu, Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsinə dəstək olmaqla yanaşı, dövlət gəlirlərinin və xüsusilə valyuta daxilolmalarının artmasına da şərait yaradacaq.
Aytac Əliyeva
Telegram kanalımız