Sertifikasiya imtahanlarından keçən müəllimlərin əməkhaqlarına tətbiq olunan əlavələrin artırılması zaman-zaman gündəmə gətirilir. Hazırda tətbiq edilən 10 və 35 faizlik artım pillələri arasında aralıq göstəricilərin də nəzərdə alınması təklif olunur.
Məsələ ilə bağlı Modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov müəllimlərin sertifikasiya nəticələrinə uyğun olaraq əməkhaqlarına tətbiq edilən əlavələrin faiz dərəcələrinə yenidən baxılmasının tərəfdarı olduğunu bildirib:
“İlk növbədə qeyd edim ki, sertifikatlaşdırma Azərbaycan müəllimlərinin bilik və bacarıqlarını, peşəkarlıq səviyyəsini nümayiş etdirən imtahandır. Bu imtahanlar şəffaf və ədalətli keçirilir, prosesə heç kimin müdaxilə etmək imkanı yoxdur. Doğrudur, bəzən müəllimlər mənim də qəbulumda olur, imtahan zamanı onlara lazımi şəraitin yaradılmadığını, kompüterin nasaz olduğunu və ya nəzarətçinin yaxşı nəzarət etmədiyini bildirirlər. Belə hallar mümkündür və dünyanın hər yerində rast gəlinir. ShopByBro
Lakin əsas məsələ bu deyil. Əsas məsələ müəllimlərin sertifikasiyadan sonra əldə etdikləri nəticələrin əməkhaqlarında da adekvat əksini tapmasıdır. Mən də tərəfdarıyam ki, əməkhaqqı artımında 10 faizdən birbaşa 35 faizə keçid olmasın. Aralıq faiz dərəcələri də tətbiq edilsin: 10 faiz də olsun, 15 faiz də, 25 faiz də, 35 faiz də. Müəllim zəhməti ilə dolanan insandır və onun əlavə gəlir mənbəyi yoxdur. Müəllimin əməkhaqqının artırılması onun məktəbə bağlılığını gücləndirir. Müəllim məktəbə nə qədər bağlı olarsa, təhsilin keyfiyyəti, tərbiyə işi və şagirdlərə nəzarət də bir o qədər yaxşılaşar”.
Komitə sədri sertifikasiya nəticələrinə görə əməkhaqqına tətbiq edilən əlavələrin faiz dərəcələrinə yenidən baxılacağına əminliyini ifadə edib:
“Elm və Təhsil Nazirliyi də mövcud çatışmazlıqların aradan qaldırılmasında, irəli sürülən təkliflərin nəzərə alınmasında maraqlıdır. Nazirlik də istəyər ki, müəyyən çatışmazlıqlar və təkliflərə ədalətli yanaşsın və o məsələləri müəllimin xeyrinə həll etsin”.
Telegram kanalımız