25 May - 23:36
Xalqa xidmət unundulmur

Xalqa xidmət unundulmur

Digər

22 Yan 2022 10:15


“Azərbaycan xalqı qarşısında, tarix qarşısında, millət qarşısında xidməti olan hər bir insanı Azərbaycan xalqı öz qəlbində yaşadır”.

İlham Əliyev

 Xalqımız tarix boyu xeyirxah işləri ilə tanınan xeyriyyəçi şəxsləri ilə  tanınıb. Onlardan biri də Hacı Zeynalabdin Tağıyevdir.

Çoxsaylı xidmətlərinə görə “el atası” adlandırılan Hacı Zeynalabdin Tağıyev şəxsiyyətinə verilən böyük dəyərin nəticəsidir ki, Prezident İlham Əliyev 2020-ci ildə onun abidəsinin ucaldılması ilə bağlı müvafiq Sərəncam imzalamışdır. Bununla bağlı elan edilən açıq müsabiqədə Xalq rəssamı, tanınmış heykəltaraş Xanlar Əhmədovun işi qalib gəlmişdir. Bu ilin 18 yanvar tarixində Bakıda qoyulan abidənin açılmasını “əlamətdar hadisə”adlandıran dövlət başçısı qeyd etmişdir ki, Hacı Zeynalabdin Tağıyev çox zəngin adam olsa da, çox kasıb ailədə böyümüşdü və sərvətini öz zəhməti hesabına qazanmışdır. Elə buna görə də o, xalqın yaddaşında varlı, zəngin adam kimi yox, xeyriyyəçi kimi qalmışdır.

Hacı Zeynalabdin Tağıyevin dövründə çox varlı adamlar olub. Onların arasında xeyriyyəçilər də, adla tanınan xəsislər də vardı. Hacı Zeynalabdin Tağıyev xalqın həyatının, demək olar ki, bütün sahələrində bu və ya digər şəkildə iştirak etmiş, həm öz layihələrində, həm də başqalarının xeyriyyə məqsədli layihələrində əməyini, varını, pulunu əsirgəməmişdir. Hacının xeyriyyəçilik fəaliyyəti tək Azərbaycanla çərçivələnmirdi. Onun səxavətinin sorağı ətrafa elə yayılmışdır ki, adını tutub uzaq yerlərdən də gələnlər olurdu. 1911-1913-cü illərdə nəşr edilən “Qazaqstan” qəzetinin maliyyə çətinlikləri zamanı naşirlər Hacı Zeynalabdin Tağıyevə müraciət edirlər... Bu hadisədən bir il sonra naşirlər yazırdılar ki, 1911-ci ilin may ayının əvvəlində xalq arasında müzakirədən sonra qəbul edilən qərara əsasən “Qazaqstan” qəzetinə maliyyə yardımı almaq üçün iki nəfər Bakıda yaşayan “kajı” Zeynalabdin Tağıyevin yanına yollanır. Çoxları inanmasa da, gedənlərə sidq ürəkdən uğurlu yol arzulayanlar, istəklərinin baş tutması üçün dua edənlər də vardı. Hacı gələnlərin təmiz niyyətini dəstəklədi, “Qazaqstan” qəzetinə yardım olaraq min rubl verdi. Bir ata qayğısı ilə xeyir-dua ilə bərabər qazax xalqına 3 nüsxə müqəddəs Quran kitabı da hədiyyə etdi. Məlumdur ki, Hacı Zeynalabdin Tağıyev Mirməhəmməd Kərimin Azərbaycan dilinə çevirdiyi Quran-i Kərimi 1904-cü ildə çap etdirmişdir. Görünür, qazax naşirlərə də həmin kitabdan hədiyyə vermiş, sağollaşarkən demişdir: “Bütün qazaxlara məndən salam deyin. Var-dövlət mənə yox, xalqa məxsusdur”. Bununla xeyriyyəçi demək istəyirdi ki, yardımı öz adından deyil, Azərbaycan xalqı adından edir. Bu, həm də onun təvazökarlığından xəbər verirdi...

Xalqın nicatının təhsildə olduğunu dərk edən böyük mesenat yüzlərlə azərbaycanlı gəncin xarici ölkələrdə təhsil alması üçün vəsaitini əsirgəmirdi. Onların arasında görkəmli ictimai xadim Əziz Əliyevin də olması diqqət çəkir. Təkcə Əziz Əliyevin həyat yoluna nəzər salanda görürük ki, xeyirxahlıqdan xeyirxahlıq doğur. Bir zamanlar Hacı Zeynalabdin Tağıyevə müraciət edib onun vəsaiti ilə Sankt-Peterburq Hərbi Tibb Akademiyasında oxuyan bir gənc İkinci Dünya müharibəsində Dağıstana ezam edilir, Dağıstanın rəhbəri vəzifəsində işləyir, dağıstanlıları sürgündən xilas edir...

Azərbaycanda dövlət səviyyəsində hər zaman Hacı Zeynalabdin Tağıyevin xatirəsi əziz tutulmuş, ölkənin bir neçə yerində onun heykəli və büstləri qoyulmuşdur. Bakının Mərdəkan qəsəbəsində yerləşən XVII əsrdə yaşamış mübarək insanlardan biri olan Pir Həsənin adı ilə tanınan Pir Həsən ziyarətgahına el arasında “Çildağ” da deyirlər. Buradakı Axund Hacı Mirzə Əbdülturab Axundzadənin qəbrinin üstündəki türbəni də digər bir Bakı milyonçusu Murtuza Muxtarov tikdirmişdir. 1924-cü ildə vəfat edən Hacı Zeynalabdin Tağıyevin vəsiyyətinə əsasən onu Axundun ayaq tərəfində dəfn edirlər. Hələ 2000-ci ildə ARDNŞ-in vitse-prezidenti olarkən İlham Əliyev öz təşəbbüsü ilə türbə və ətraf ərazilərdə bərpa, abadlıq işləri gördürmüşdür. 2007-ci ildə Heydər Əliyev Fondu tərəfindən məbəd əsaslı şəkildə təmir olunmuş, abadlıq işləri aparılmışdır. Həmin ilin 30 dekabrında isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Pir Həsən ziyarətgahının açılışında iştirak etmişlər. Ziyarətgahın ön tərəfində Hacı Zeynalabdin Tağıyevin abidəsi ucaldılmış, sağ tərəfində isə türbə tikilmişdir...

Bu günümüzdə də Azərbaycanda xeyriyyə işləri davam edir. Prezident İlham Əliyev Heydər Əliyev Fondunun fəaliyyətini yüksək qiymətləndirərək demişdir: “Xeyriyyəçilik sahəsində Cənubi Qafqazda ən böyük təsisat Heydər Əliyev Fondudur. Heydər Əliyev Fondu 20 ilə yaxındır ki, yaradılmışdır və bütün bu illər ərzində Fondun əsas məqsədi, vəzifəsi insanlara kömək göstərmək, Azərbaycan mədəniyyətini dünyada təbliğ etmək, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, elm sahələrinə töhfə verməkdir”. Məhz Fondun fəaliyyəti nəticəsində Azərbaycan multikulturalizmi dünyaya yayıldı. Fondun təşəbbüsü ilə azad edilmiş torpaqlarda hazırda dini abidələrimizin əsaslı təmiri, bərpası və inşası prosesinə başlanılıb. Müharibədən sonra yaradılmış Qarabaq Dirçəliş Fondu və “YAŞAT” Fondu da Azərbaycanda xeyriyyəçilik ənənələrinin inkişafına xidmət edir, yüzlərlə qazinin həm Azərbaycanda, həm də xarici ölkələrdə müalicəsini təmin edirlər.   

Xalq onu yaşadanı daim yaşadır və uca tutur...

Güllü Yoloğlu

tarix elmləri doktoru, türkoloq


Youtube kanalımız


Digər xəbərlər