“Ay”da kartof yetişdirdilər - Nəticə alimləri təəccübləndirdi

saytların hazırlanması

Evə çatdırılma

“Ay”da kartof yetişdirdilər - Nəticə alimləri təəccübləndirdi

Maraqlı

23 Noyabr 2026 09:50 49


Gələcəkdə Ayda yaşayan kosmonavtların qidasını özlərinin yetişdirməsi mümkün ola bilər. 

“Yeni Sabah” Reuters-ə istinadla xəbər verir ki, Yerdən kosmosa davamlı olaraq ərzaq göndərmək həm baha başa gəlir, həm də çətinlik yaradır. Buna görə də alimlər Ay səthində kənd təsərrüfatı məhsulları yetişdirməyin yollarını araşdırırlar.

NASA-nın dəstəklədiyi araşdırmada tez yetişən, qırmızı qabıqlı və ağ lətli “Modoc” adlı kartof növündən istifadə olunub. Oreqon Dövlət Universitetinin tədqiqatçıları Ay torpağını təqlid edən xüsusi qarışığa üzvi maddələr əlavə edərək bitkinin inkişafını araşdırıblar.  Onlayn mağaza

Araşdırmaya rəhbərlik edən bioloq Aymerik Qoye bildirib ki, kartof kosmik uçuşlar üçün əlverişli qida mənbəyidir. Kartof az sahədə yüksək kalorili məhsul verir, kalium, C vitamini və keyfiyyətli zülalla zəngindir. Bundan başqa, insanı uzun müddət tox saxlaması da uzunmüddətli kosmik missiyalar üçün üstünlükdür.

Tədqiqatçılar Ay səthini örtən, reqolit adlanan daş və toz qarışığını təqlid edən mühitə müxtəlif miqdarda biohumus əlavə ediblər. Biohumus soxulcanların üzvi tullantıları emal etməsi nəticəsində əldə olunan, qida maddələri ilə zəngin gübrədir. Təcrübələr zamanı üzvi maddə əlavə edilməyən torpaqda kartofun demək olar ki, kök və yumru inkişaf etdirmədiyi məlum olub. Qarışığın 5 faizini biohumus təşkil etdikdə bitkilər zəif də olsa inkişaf edib.

Biohumusun miqdarı 30 faizə çatdırıldıqda isə əldə olunan məhsuldarlıq ABŞ-nin Oreqon ştatında kartof istehsalı ilə tanınan Hermiston bölgəsinin əkin torpaqlarındakı nəticələrlə eyni səviyyəyə yüksəlib.

Ayın səthini örtən reqolit Yer kürəsindəki əkin torpaqlarından fərqlənir. Onun tərkibində üzvi maddələr və kifayət qədər azot yoxdur. Milyardlarla il ərzində meteoritlərin toqquşması nəticəsində yaranan bu qarışıq xırdalanmış daş və tozdan ibarətdir. Tərkibində iti, şüşəyə bənzər hissəciklər də mövcuddur. Digər əsas problem isə ağır metallardır. Xüsusilə mis kimi elementlərin çox olması bitkilərin bu maddələri həddindən artıq mənimsəməsinə və zərər görməsinə səbəb olur. 

Araşdırmanın rəhbəri Qoye bildirib ki, üzvi maddələr ağır metalların bitkilər tərəfindən mənimsənilməsini məhdudlaşdırır və zəhərli maddələrin toplanması riskini azaldır.

Tədqiqatçılar kartofları istixana şəraitində həm günəş işığından, həm də süni işıqlandırmadan istifadə etməklə yetişdiriblər. İlk təcrübələr kiçik dibçəklərdə aparıldığı üçün kartof yumruları da kiçik olub. Qoyenin sözlərinə görə, yığılan kartofların dadına hələ baxılmayıb. Məhsullar laboratoriya təhlilləri üçün istifadə edilib. Daha böyük dibçəklərdə aparılan növbəti təcrübədə isə bazarlarda satılan ölçülərdə kartof yetişdirmək mümkün olub.

Ayda kənd təsərrüfatı məhsullarının yetişdirilməsi ilə bağlı araşdırmalar yalnız kosmik uçuşlar üçün əhəmiyyət daşımır. Bu üsullar Yer kürəsində ərzaq təminatının yaxşılaşdırılmasına da kömək edə bilər.

Qeyd edək ki, alimlər Ay torpağını təqlid edən mühitdə noxud yetişdirmək üzrə də müsbət nəticələr əldə ediblər. Hazırda pomidor, kahı və yonca kimi bitkilərin yetişdirilməsi istiqamətində də araşdırmalar aparılır. Alimlər gələcəkdə Ayda qurulacaq yaşayış məntəqələrində davamlı ərzaq istehsalına nail olmağı və uzunmüddətli kosmik uçuşlarda Yerdən asılılığı azaltmağı hədəfləyirlər.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!