“Yas yerlərində ehsan verməyə ehtiyac yoxdur” –  İlahiyyatçı QMİ-ni dəstəkləyir
13 Mart 2020 11:49
214

“Yas yerlərində ehsan verməyə ehtiyac yoxdur” – İlahiyyatçı QMİ-ni dəstəkləyir

Xəbər verdiyimiz kimi, koronavirus təhlükəsi ilə əlaqədar olaraq məscidlərdə yas mərasimlərinin keçirilməsi qadağan edilib. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) göstərişi ilə “Təzə Pir” və “Heydər” məscidilərinin mərasim zallarında yas mərasimlərinin keçirilməsinə məhdudiyyət qoyulub.

Məhdudiyyətlərin məzmunu nədən ibarətdir? Yas mərasimlərində ehsan verilməsi dayandırıla bilərmi?

Bu mövzunu “Yeni Sabah”a şərh edən ilahiyyatçı Kənan Rövşənoğlu bildirib ki, bu qərarın verilməsi çox əhəmiyyətlidir:

“Koronavirus epidemiyası ilə əlaqədar artıq Vatikanda da, Məkkədə də, o cümlədən, bir çox müsəlman ölkələrində cümə namazları və ibadətlər dayandırılıb. İnsanların virusa yoluxmaması və xəstəliyin yayılmaması üçün bu çox vacib addımdır. Azərbaycan da analoji qaydada davranır. Ona görə ki, yas mərasimlərində kütləvilik olur. Yas mərasimlərinin əsas səbəbi ölənin yaxınlarına başsağlığı verməkdir. Bizdə yas mərasimlərinin təşkilində dini qaydalara yox, xalq arasında formalaşmış adətlərə daha çox üstünlük verilir. Yas mərasimlərində insanlar yaxın təmasda olurlar, əl ilə görüşürlər və s. bu da virusun yayılmasına münbit şərait yaradır. Bu qərarın insanlara bir mənfi təsirinin olacağını düşünmürəm. Yas mərasimlərinin məqsədi insanların başsağlığı verməkdir, bunun üçün süfrə açmağa ehtiyac yoxdur”. 

K.Rövşənoğlu məhdudiyyətlərin nədən ibarət olması məsələsinə də toxunub:

“Bilirsiz ki, “Təzə Pir”, “Heydər” və digər məscidlərdə mərasim evləri mövcuddur. Orda ehsan süfrələri açılır, kütləvi şəkildə toplanma olur ki, daha bunlar olmayacaq. Başsağlığı vermək istəyənlər evlərdə də bunu edə bilərlər. Hazırkı keçid dövründə bu lazımlı qərardır”. 

Sabina Eldarqızı

 

“Yas yerlərində ehsan verməyə ehtiyac yoxdur” –  İlahiyyatçı QMİ-ni dəstəkləyir

Oxşar xəbərlər