ABŞ Liberiyaya miqrantları qəbul etməsi üçün 5 milyon dollar ödəyəcək.
"Yeni Sabah" xəbər verir ki, bu barədə The New York Times ABŞ Dövlət Departamentinin sənədlərinə istinadən məlumat yayıb.
ABŞ administrasiyası deportasiya edilən miqrantların qəbul edilməsi ilə bağlı razılaşma çərçivəsində Liberiyaya 5 milyon dollar ödəməyə hazırlaşır. Dominos pizza
Məlumata görə, Dövlət Departamenti sözügedən ödənişi hələ ötən ilin dekabrında təsdiqləyib. Bundan iki ay əvvəl Liberiya digər ölkələrdən deportasiya edilən miqrantları qəbul etmək imkanına baxacağını ABŞ-a vəd edib.
Liberiya hakimiyyəti ABŞ-dan göndəriləcək miqrantların irqi və ya dini mənsubiyyətlərinə görə təqib olunmayacağına dair təminat da verib. ABŞ Dövlət Departamenti bu təminatları etibarlı hesab edib.
5 milyon dollarlıq vəsaitin Liberiyanın miqrasiya sisteminin dəstəklənməsinə və ölkəyə göndəriləcək şəxslərə yardım göstərilməsinə yönəldiləcəyi bildirilir. Bu vəsait hesabına miqrantların yerləşdirilməsi, qidalanması və peşə hazırlığı kimi xərclərin qarşılanması nəzərdə tutulur.
Nəşrin məlumatına görə, ABŞ Prezidenti Donald Trampın administrasiyası öz ölkələrinə birbaşa deportasiya edilməsi mümkün olmayan miqrantların üçüncü ölkələrə göndərilməsi məqsədilə müxtəlif dövlətlərlə oxşar razılaşmalar əldə edir.
Bu siyasət hüquq müdafiə təşkilatlarının tənqidinə səbəb olub. Onlar miqrantların heç bir əlaqələrinin olmadığı ölkələrə göndərilməsinin, xüsusilə insan hüquqları ilə bağlı problemlərin mövcud olduğu dövlətlərdə risklər yarada biləcəyini bildirirlər.
Liberiya hakimiyyəti bu həftə ərzində növbəti bir il ərzində ABŞ-dan 1 200-ə qədər deportasiya edilmiş miqrantı qəbul etməyə hazır olduğunu açıqlayıb. İlk qrup miqrant avqustun 20-də ölkənin paytaxtı Monroviyaya çatıb.
ABŞ administrasiyası daha əvvəl də Konqo Demokratik Respublikası ilə üçüncü ölkə vətəndaşlarının qəbuluna dair razılaşma əldə edib. Həmin razılaşma çərçivəsində Kolumbiya, Peru və Ekvador vətəndaşlarından ibarət ilk deportasiya qrupu aprelin 17-də Kinşasaya göndərilib./Modern.az
Telegram kanalımız