Faiz müqabilində borc verilməsi müəyyən hallarda sadə mülki münasibət sayılsa da, müxtəlif şəxslərə davamlı və sistemli şəkildə faizlə borc verilməsi hüquqi məsuliyyət yarada bilər.
"Yeni Sabah" xəbər verir ki, Ali Məhkəmə faizlə borcvermə fəaliyyəti ilə bağlı hüquqi risklərə diqqət çəkib.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən, qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə müəyyən edilmiş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Bu baxımdan fiziki şəxslər arasında faizlə borc verilməsi öz-özlüyündə qadağan deyil. Toyuqlu pizza
Lakin müxtəlif və qeyri-məhdud sayda şəxslərə mütəmadi, sistemli və gəlir əldə etmək məqsədilə faizlə borc verilməsi artıq fərqli hüquqi qiymətləndirilə bilər.
Məcəllənin 740.10-cu maddəsinə görə, gəlir əldə etmək məqsədilə müntəzəm olaraq və ya qeyri-məhdud subyektlərə pul vəsaitlərinin borc verilməsi yalnız kreditlərin verilməsi fəaliyyətini həyata keçirmək hüququna malik şəxslər tərəfindən aparıla bilər.
Bu tələblər pozulduqda fəaliyyət qanunsuz sahibkarlıq kimi qiymətləndirilə və hüquqi məsuliyyət yarada bilər.
Ali Məhkəmənin məlumatına görə, belə hallarda borc verən şəxs məhkəməyə müraciət etdikdə onun fəaliyyətinin qanuniliyi də araşdırıla bilər. Məhkəmə qanunsuz sahibkarlıq və ya digər hüquq pozuntularının əlamətlərini müəyyən edərsə, xüsusi qərardad qəbul edərək materialları hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərə bilər.
Bundan başqa, qanunsuz fəaliyyətin müəyyən edilməsi borc verənin müqavilə üzrə faiz və digər məbləğləri tələb etmək imkanlarına da təsir göstərə bilər. Belə vəziyyətdə yalnız qanunvericilikdə nəzərdə tutulan gecikdirilmiş məbləğə illik 5 faiz tələb etmək imkanı qala bilər.
Ali Məhkəmə faizlə borc verən şəxslərə münasibətləri yazılı müqavilə ilə rəsmiləşdirməyi, əsas borcun məbləğini, faiz dərəcəsini, hesablanma və ödəniş qaydasını dəqiq göstərməyi tövsiyə edir. Pulun verilməsi və qaytarılması da bank köçürməsi, qəbz və digər sübutlarla rəsmiləşdirilməlidir.
Beləliklə, şəxsi vəsaitə sahib olmaq həmin vəsaiti qanunvericiliyin müəyyən etdiyi tələblərdən kənar, sistemli şəkildə faizlə borc vermək hüququ yaratmır. Bu fəaliyyət sonradan məhkəmə mübahisəsinə və digər hüquqi məsuliyyətlərə səbəb ola bilər.
Aytac Əliyeva
Telegram kanalımız