AZCON Holding şirkətlərindən olan Azərbaycan Dəmir Yolları (ADY) 4 yeni sərnişin qatarı alacaq. Yeni qatarların alınması ilə 2030-cu ilə qədər bir neçə istiqamətdə sərnişin daşımalarının mərhələli şəkildə bərpası nəzərdə tutulur.
Bu barədə “Yeni Sabah”a ADY-dən məlumat verilib.
Bildirilib ki, oktyabrın 27-də ADY ilə Çinin “CRRC Zhuzhou Locomotive” şirkəti arasında 4 yeni sərnişin qatarının alınmasına dair müqavilə imzalanıb. Sənədi ADY sədri Rövşən Rüstəmov və şirkətin rəhbəri Van Çiaolin imzalayıblar. Pepperoni pizza
ADY sədri Rövşən Rüstəmov qeyd edib ki, yeni qatarların alınması hərəkət tərkibinin yenilənməsi və sərnişinlərin artan nəqliyyat ehtiyaclarının qarşılanması istiqamətində görülən işlərin davamıdır.
Onun sözlərinə görə, müasir komfort imkanları, müxtəlif sərnişin sinifləri və əlçatanlıq həlləri ilə təchiz ediləcək elektrik qatarlarının istismara verilməsi xidmətlərin əhatə dairəsinin genişləndirilməsinə imkan yaradacaq.
Belə ki, 2030-cu ilə qədər Yalama, Mincivan və Astara istiqamətlərində sərnişin daşımalarının mərhələli şəkildə bərpası planlaşdırılır. Eyni zamanda, əvvəlcədən nəzərdə tutulduğu kimi, Bakı–Xankəndi marşrutu da sərnişinlərin istifadəsinə veriləcək.
Qeyd olunub ki, bu istiqamətlərdə sərnişin daşımalarının bərpası paytaxtla regionlar arasında nəqliyyat əlaqələrini gücləndirəcək, əhalinin mobilliyini artıracaq, təhsil, səhiyyə və məşğulluq imkanlarına çıxışı asanlaşdıracaq. Dəmir yolu şəbəkəsinin genişləndirilməsi daxili turizmin inkişafına, yerli sahibkarlığın canlanmasına və regionlarda iqtisadi fəallığın artmasına da töhfə verəcək.
Xankəndi və Mincivan istiqamətlərində sərnişin daşımalarının təşkili Qarabağ və Şərqi Zəngəzurun ölkənin vahid nəqliyyat şəbəkəsinə inteqrasiyasını gücləndirəcək. Bu, doğma yurdlarına qayıdan sakinlərin nəqliyyat imkanlarının yaxşılaşdırılmasına da şərait yaradacaq.
Yalama və Astara istiqamətlərində əlaqələrin bərpası isə ölkənin şimal və cənub bölgələrinin turizm və iqtisadi potensialından daha geniş istifadə edilməsinə imkan verəcək.
Yeni qatarların hər biri 7 vaqondan ibarət olacaq. Təxminən 135 metr uzunluğunda nəzərdə tutulan qatarların maksimal istismar sürəti saatda 140 kilometr, konstruktiv sürəti isə saatda 160 kilometr təşkil edəcək.
Aytac Əliyeva
Telegram kanalımız