Azərbaycanda ali məktəblərə qəbul və qiymətləndirmə sistemi yenilənməli, məktəbdə qazanılan biliklərin qəbul prosesində rolu artırılmalıdır. Repetitorluğun geniş yayılması, ailələrin təhsil üçün böyük vəsait xərcləməsi, abituriyentlərin və valideynlərin illərlə imtahan stressi yaşaması bu sahədə yeni yanaşmalara ehtiyac olduğunu göstərir.
"Yeni Sabah" xəbər verir ki, təhsil eksperti Məzahir Məmmədli bu məsələ barədə fikirlərini açıqlayıb.
Ekspert Türkiyədə təhsil sahəsində yeni qiymətləndirmə modelinin tətbiqi ilə bağlı müzakirələrə diqqət çəkərək, oxşar dəyişikliklərin Azərbaycanda da gündəmə gətirilməsinin vacibliyini vurğulayıb. pizza
Onun sözlərinə görə, Türkiyədə müzakirə olunan yeni modeldə açıq suallara, şagirdlərin bilik və bacarıqlarının daha dərindən yoxlanılmasına, eləcə də qiymətləndirmə meyarlarına xüsusi diqqət yetirilir.
Məzahir Məmmədli qeyd edib ki, məktəbdaxili imtahanlarla ali məktəblərə qəbul imtahanları eyni olmasa da, bu təcrübə Azərbaycanda da məktəbdə əldə edilən biliklərin qəbul sistemindəki rolunun artırılması məsələsini gündəmə gətirir.
Ekspert hesab edir ki, Azərbaycanda elə bir sistem qurulmalıdır ki, şagirdlərin əsas hazırlıq məkanı məktəb olsun, repetitorlardan asılılıq tədricən azalsın, ailələrin üzərinə düşən maddi yük yüngülləşsin, abituriyentlər və valideynlər isə uzun illər imtahan stressi yaşamasınlar.
O vurğulayıb ki, qiymətləndirmə yalnız test həll etmək bacarığını deyil, şagirdlərin düşünmək, təhlil etmək və əldə etdikləri bilikləri tətbiq etmək qabiliyyətini də ölçməlidir.
Məzahir Məmmədlinin fikrincə, bu məsələ ciddi şəkildə müzakirə olunmalı, təhsil prosesində məktəbin rolu və nüfuzu artırılmalı, uşaqların daha az stresslə təhsil almasına, valideynlərin isə maddi qayğılarının azalmasına şərait yaradılmalıdır.
Aytac Əliyeva
Telegram kanalımız