“Son illərdə həm Azərbaycanda, həm də bütün dünyada gənclər daha gec yaşda ailə qurmağa üstünlük verir”.
Bunu “Yeni Sabah”a açıqlamasında tanınmış pedaqoq-sosioloq Mail Yaqub bildirib.
Onun sözlərinə görə, gec yaşda ailə qurulmasının əsas səbəbi maddi və psixoloji amillərdir: Toyuqlu pizza
“Müasir dövrdə insanların həyat tərzi və istəkləri çox dəyişib. Əvvəllər ailə qurmaq üçün mütləq ev, maşın və ya yüksək vəzifə sahibi olmaq şərt sayılmırdı. Həmçinin qohumlar və ailə gənclərə hər tərəfli dəstək olurdular.
İndi isə vəziyyət fərqlidir. Gənclər ilk növbədə öz ayaqları üzərində durmaq, ev və iş sahibi olmaq, yalnız bundan sonra evlənmək barədə düşünürlər. Bu vəziyyət bəzən evlilik yaşının 40-ı keçməsinə səbəb olur. Avropada çox yayılmış bu hal artıq Azərbaycanda da özünü göstərir. Xüsusilə gənc xanımlar arasında karyera qurduqdan sonra ailə həyatı barədə düşünənlərin sayı getdikcə artır”.
O, bildirib ki, məsələnin maddi tərəfi gənclərin qərarlarına birbaşa təsir edir:
“Məsələn, 500-600 manat maaş alan gənc düşünür ki, bu büdcə ilə ailə saxlamaq və uşaq böyütmək mümkün deyil. Bu səbəbindən evliliklər gecikir, nəticədə ölkədə doğulan uşaqların sayı da azalır”.
Sosioloq əlavə edib ki, internet və sosial şəbəkələr də ailə qurmaq istəyənlərə mənfi təsir edir:
“Belə platformalarda tanış olmaq çox asanlaşdığı üçün gənclər arasında bir-birinə qarşı inamsızlıq yaranır. Çoxu elə düşünür ki, bu qədər asan tanışlıq olan yerdə sadiq və uzunmüddətli ailə qurmaq çətindir”.
M. Yaqub son olaraq qeyd edib ki, gec yaşda evlənmək birbaşa ölkədəki uşaq sayına təsir edir:
“Gec ailə quran cütlüklər adətən çox uşaq istəmirlər. Hazırda Azərbaycanda hər anaya düşən uşaq sayı orta hesabla 1.6 səviyyəsinə enib. Bu isə gələcəkdə əhalinin azalması təhlükəsini yaradır.
Azərbaycan xalqı hələ də öz ailə dəyərlərinə sadiq qalsa da, bu gedişlə problemlər həll olunmasa, vəziyyət daha da çətinləşəcək. Gənclərin daha tez və rahat ailə qura bilməsi üçün onlara maddi və sosial dəstək proqramlarının yaradılması vacibdir”.
Cəlalə Cəlalqızı
Telegram kanalımız