Azərbaycanda fermerlərə göstərilən dövlət dəstəyinin daha səmərəli olması üçün subsidiya sisteminin yenilənməsi təklif edilir.
“Yeni Sabah” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, yeni yanaşmada subsidiyaların yalnız ayrılan vəsaitin həcminə deyil, əldə olunan nəticələrə əsasən müəyyənləşdirilməsi nəzərdə tutulur.
Təkliflərə əsasən, ilk növbədə kənd təsərrüfatına yönəldilən dövlət siyasətinin nəticələrini daha dəqiq ölçmək üçün məlumat bazasının təkmilləşdirilməsi planlaşdırılır. Subsidiya siyasətinin beynəlxalq təcrübə və müqayisəli göstəricilər əsasında mütəmadi qiymətləndirilməsi də nəzərdə tutulur. pizza hut
Bununla yanaşı, kənd təsərrüfatının inkişafını ölçmək üçün beynəlxalq səviyyədə istifadə olunan göstəricilərin tətbiqi imkanlarının araşdırılması təklif olunur. OECD, FAO və Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində müəyyənləşdirilən indikatorların Azərbaycanın xüsusiyyətlərinə uyğunlaşdırılması nəzərdən keçiriləcək.
Təklif olunan modeldə xüsusilə strateji əhəmiyyət daşıyan kənd təsərrüfatı məhsulları üzrə dövlət dəstəyinin nəticələrlə əlaqələndirilməsi ön plana çəkilir.
Belə ki, subsidiyaların məhsuldarlıq, istehsal həcmi və ölkənin özünütəminetmə səviyyəsinə nə dərəcədə təsir göstərdiyi qiymətləndirilə bilər.
Dövlət dəstəyinin real nəticələrinin müəyyənləşdirilməsi üçün monitorinq sistemlərinin də gücləndirilməsi təklif olunur. Bu çərçivədə ayrılan vəsaitlərin kənd təsərrüfatının inkişafına təsiri, istehsal göstəricilərindəki dəyişikliklər və müəyyən edilmiş strateji hədəflərə çatma səviyyəsi mütəmadi təhlil ediləcək.
Təkliflər sırasında şəffaflığın artırılması da yer alır. Subsidiyalara ayrılan vəsaitlərlə yanaşı, həmin maliyyə dəstəyinin nəticəsində əldə olunan istehsal, məhsuldarlıq və iqtisadi göstəricilər barədə məlumatların müntəzəm şəkildə ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulur. Bunun üçün açıq məlumat bazalarının yaradılması və ya mövcud bazaların genişləndirilməsi təklif edilir.
Maliyyə Nazirliyinin yanaşmasına görə, növbəti mərhələdə subsidiyaların həcmi ilə əldə olunan nəticələr arasındakı əlaqənin gücləndirilməsi vacibdir. Bu məqsədlə subsidiya əmsallarının və mövcud dəstək mexanizmlərinin yenidən qiymətləndirilməsi, dövlət vəsaitinin məhsuldarlığa və istehsal artımına təsirinin ölçülməsi təklif olunur.
Nəticədə kənd təsərrüfatında dövlət dəstəyinin mərhələli şəkildə nəticəəsaslı subsidiya modelinə keçirilməsi imkanlarının araşdırılması planlaşdırılır.
Telegram kanalımız