“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi təkrar mənzil bazarında müşahidə olunan ana trendləri və bazar dinamikasını müəyyənləşdirmək məqsədilə 2025-ci ili əhatə edən geniş hesabat hazırlayıb.
“Yeni Sabah” xəbər verir ki, təhlil notariuslar tərəfindən təsdiqlənərək dövlət reyestrinə ötürülmüş alqı-satqı qiymətləri, ipoteka kreditləşməsi məbləğləri, mənzillərin yerləşdiyi mərtəbə və binaların parametrləri (otaq sayı, sahəsi, qiyməti və s.) əsasında aparılıb. Araşdırmaya Bakı şəhəri, Abşeron rayonu, Sumqayıt və Gəncə şəhərləri ayrı-ayrılıqda, digər rayonlar isə ümumi başlığı altında daxil edilib. Mənzillər tikilmə dövrünə görə 3 mərhələyə (1920-ci ilə qədər, 1920–1991-ci illər və 1992-ci ildən sonrakı dövr), otaq sayına görə isə 6 qrupa bölünərək qiymətləndirilib.
Ötən il ərzində təkrar mənzil bazarında ölkə üzrə ümumilikdə 41 606 mənzilin alqı-satqısı rəsmiləşdirilib. Bazarın strukturunda liderliyi yeni tikililər ələ keçirib: 1992-ci ildən sonra tikilən binalar 21 629 əqd (52%), Sovet dövründə tikilən mənzillər 18 865 əqd (45.3%), 1920-ci ilə qədər olan binalar isə 1 112 əqd (2.7%) təşkil edib. pizza mizza
Təkrar mənzil bazarındakı əməliyyatların böyük hissəsi paytaxtın payına düşüb. Belə ki, Bakı şəhərində 25 031 alqı-satqı əqdi bağlanıb. Regionlar üzrə isə aktivlik Abşeron rayonunda (6 054 əqd), Sumqayıt şəhərində (3 838 əqd) və Gəncə şəhərində (2 202 əqd) müşahidə olunub. Digər şəhər və rayonların payına isə ümumilikdə 4 481 əqd düşüb.
Qeyd edək ki, təkrar mənzil bazarına yalnız mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmış (çıxarışlı) və notarial qaydada satılmış mənzillər daxildir. Mənzil-tikinti kooperativlərinin (MTK) çıxarışsız pay satışı əməliyyatları bu təhlildə nəzərə alınmayıb. Qurum yaxın vaxtlarda 2026-cı ilin ilk yarısını əhatə edən hesabatı da ictimaiyyətə təqdim edəcək.
Telegram kanalımız