Bir az fərqli sahədir, amma son illər tatu sənətinə maraq Azərbaycanda da xeyli artıb. Azərbaycanlı tatu ustası Niko adı ilə tanınan Nihad Hüseyinli isə bu sahədə beynəlxalq uğura imza atıb. Almaniyada keçirilən ilk yarışında çəkdiyi Salvador Dali portreti ilə iki kateqoriyada birinci olub. Maraqlıdır ki, Niko birinci mükafatı gözləsə də, ikinci qələbədən özü də xəbərsiz olub.
''Yeni Sabah'' onunla bu uğuru, tatu sənətinə gəlişi və gələcək planları barədə söhbətləşib.
– Tatu sənətində fəaliyyətiniz haqqında qısa məlumat verə bilərsiniz? pizza sifarişi
– Tatu sənətinə ilk dəfə 2015-ci ildə başlamışam. Təxminən, 5-6 ay işlədikdən sonra Türkiyəyə köçdüm və şəxsi səbəblərdən iki ilə yaxın bu sahədə fəaliyyət göstərə bilmədim. Sonra qərara gəldim ki, mən bu işi sevirəm və başqa bir işlə məşğul olmaq istəmirəm. 2018-ci ildən yenidən başladım və peşəkar fəaliyyətimi də həmin ildən hesablayıram. Əsasən realizm və ''cover-up'' işləri görürəm.
– ''Mannheim Tattoo Convention''a qatılmağınız necə baş verdi?
– Onsuz da Avropada yaşayırdım. ''Mannheim Tattoo Convention''da iştirak etmək üçün belə bir fürsət yarandı, mən də dəyərləndirib qatılmaq qərarına gəldim. Bu, mənim ilk yarışmam idi.
– Yarışmada hansı işi təqdim etdiniz?
– Salvador Dalinin portretini işlədim. Öz dizaynım əsasında hazırlanmış rəngli realizm işi idi və rəngli kateqoriyada yarışırdı.
– İki birincilik qazanacağınızı gözləyirdiniz?
– Açığı, yaxşı nəticə gözləyirdim, amma birinci olacağıma əmin deyildim. “Best of Color” kateqoriyasında birinci yeri qazandıqdan sonra dostlarımla çölə çıxdıq, nəticəni qeyd edirdik. Sonra qəfil adımı eşitdim ki, “Niko Tattoo Art” həm də “Best of Day” seçilib. Beləliklə, iki birincilik qazandım. Birinci nəticəyə ümidim var idi, amma ikincini qətiyyən gözləmirdim.
– İlk yarışmanızdan iki birinciliklə ayrılmaq sizin üçün nə ifadə edir?
– Təbii ki, mənim üçün çox böyük məna daşıyır. Çünki bu, mənim ilk yarışmam idi. İlk dəfə qatıldığın bir ''convention''dan iki birinciliklə ayrılmaq mənim üçün böyük uğurdur.
Eyni zamanda, bunu Azərbaycan tatu sektoru üçün də önəmli addım hesab edirəm. Azərbaycanda tatu sənəti hələ inkişaf mərhələsindədir və gediləcək çox yol var. Biz xaricdə belə nəticələr əldə etdikcə, düşünürəm ki, Azərbaycandakı tatu sənəti də daha çox inkişaf edəcək və tanınacaq.
– Azərbaycandakı tatu sektoru ilə əlaqəniz davam edirmi?
– Bəli. Azərbaycanda daimi yaşamıram. İldə bir-iki ay gələ bilirəm. Gəldiyim zaman işləyir, seminarlar verir və bacardığım qədər yerli tatu sektorunu dəstəkləməyə, inkişafına töhfə verməyə çalışıram.
Mannheimdəki uğurdan sonra da Azərbaycandan çoxlu dəstək və təbrik aldım. Təbii ki, uğura fərqli münasibət göstərənlər də olur. Mən bunu normal qarşılayıram. İnsan uğur qazandıqca daha çox diqqət çəkir və haqqında fərqli fikirlər yaranır.
– Bundan sonrakı əsas hədəfiniz nədir?
– Daha böyük və tanınmış tatu artist olmaq, daha yaxşı işlər görmək və Azərbaycanı dünyanın müxtəlif ölkələrində təmsil etmək istəyirəm. Daha böyük ''convention'' və yarışlarda iştirak etmək əsas hədəflərimdəndir.
Düşünürəm ki, məni nə qədər çox tanısalar, mənim ölkəmi də bir o qədər çox tanıyacaqlar. Çünki hansı yarışa, hansı ''convention''a qatılıramsa, orada haradan olduğum da görünür. Mənim üçün şəxsi inkişafımla yanaşı, Azərbaycanı bu sənətdə təmsil etmək də önəmlidir.
Əsmətxanım Rzazadə
Telegram kanalımız