Paytaxtın müxtəlif ərazilərində son aylarda diqqət çəkən bir proses gedir: illərlə dolu olan köhnə binalar tədricən boşalır. Xüsusilə Nəsimi rayonu ərazisində - Cavadxan küçəsi, Mərdanov qardaşları küçəsi, eləcə də Yasamal rayonunda Şərifzadə küçəsi boyunca yerləşən binalarda bu “sakit köç” daha aydın hiss olunur. Həyəti dolu, eyvanları işıqlı olan binaların pəncərələri bir-bir qaralır. Əlbəttə, söhbət əsasən sovet dövründən qalan və “xruşşovka” kimi tanınan köhnə tikililərdən gedir.
“Yeni Sabah” Metbuat.az-a istinadla xəbər verir ki, “xruşşovka” adlanan 4-5 mərtəbəli, panel və ya kərpicdən tikilmiş köhnə yaşayış binaları artıq şəhərin yenilənmə planlarının mərkəzinə düşüb. Nərimanov rayonunda Təbriz küçəsi ətrafında, həmçinin Binəqədi rayonunun bəzi hissələrində bu tip binaların sakinlərinə köçlə bağlı təkliflər edilib. Rəsmi qurumlar bu barədə açıqlama verməsə də, prosesin sistemli şəkildə getdiyi hiss olunur: əvvəl sakinlər tədricən çıxır, sonra bina faktiki boşalır və növbəti mərhələyə keçid baş verir.
Psixoloq Vüsalə Rüstəmin fikrincə, bu dəyişiklik ağrısız ötüşmür. Onun sözlərinə görə, məsələ təkcə tikinti ilə bağlı deyil. Köhnə binalarda formalaşmış sosial mühit - qonşuluq əlaqələri, həyət mədəniyyəti, gündəlik ünsiyyət yeni tikililərdə eyni şəkildə təkrarlanmır: “Paytaxtda geniş vüsət alan abadlıq-quruculuq işləri nəticəsində insanlar ya şəhərin kənarına, ya da fərqli yaşayış komplekslərinə köçür və illərlə qurulan münasibətlər dağılır. Bu cür məcburi dəyişikliklər insanlarda daxili narahatlıq və uyğunlaşma çətinliyi yaradır. İnsan yalnız evini deyil, eyni zamanda psixoloji rahatlıq zonasını itirir. Tanış mühitdən uzaqlaşmaq bir çox hallarda stress, tənhalıq və yadlaşma hissini gücləndirir”. Sezar pizza
Vüsalə Rüstəmin sözlərinə görə, yeni tikililərdə komfort artsa da, sosial bağların zəifləməsi insanların özlərini daha tənha hiss etməsinə səbəb olur: “Əvvəllər qapı qonşusu ilə qurulan sadə ünsiyyət belə insanın emosional balansını qoruyurdu. Əslində, belə keçid dövrlərində insanların sosial dəstəyə və adaptasiya prosesinə daha çox ehtiyacı yaranır. Qopmuş münasibətlər, evlərdə tənhalaşmış insanlar müasir dövrün ciddi problemlərindən biridir”.
Psixoloq vurğulayıb ki, Bakıda “səssiz boşalan binalar” məsələsi sadəcə köhnə tikililərin sökülməsi deyil. Bu, daha böyük bir transformasiyanın - şəhərin yaddaşının silinməsi və yeni urban mühitin formalaşmasının başlanğıcıdır.
Telegram kanalımız