Azərbaycan Respublikasının qanunvericiliyinə, xüsusən "İcra haqqında" Qanuna əsasən, vətəndaşların xaricə getmək hüququ müəyyən borc öhdəliklərinə görə müvəqqəti olaraq məhdudlaşdırıla bilər. Bu tədbir borcun avtomatik nəticəsi kimi deyil, borcun ödənilmədiyi və işin icraatda olduğu halda icra məmurunun təqdimatı əsasında məhkəmə qərarı ilə tətbiq edilir.
“Yeni Sabah” xəbər verir ki, səfər məhdudiyyəti ilə nəticələnən əsas borc növləri sırasına ilk növbədə aliment öhdəlikləri daxildir. Müəyyən olunmuş vaxtda ödənilməyən aliment borcları üzrə icra məmurları operativ şəkildə məhkəməyə müraciət edərək borclunun ölkədən çıxışına qadağa qoyulmasını təmin edirlər. Bununla yanaşı, banklar və bank olmayan kredit təşkilatları (BOKT) qarşısında ödənilməyən kredit borcları, gecikdirilmiş mikrokreditlər və ya fiziki və hüquqi şəxslər arasında yaranmış digər maliyyə öhdəlikləri də məhkəmə baxışından keçib icra varaqəsi çıxarıldıqdan sonra analoji məhdudiyyətə səbəb olur.
Dövlət qarşısındakı öhdəliklər və inzibati cərimələr də bu siyahıda mühüm yer tutur. Dövlət Vergi Xidməti tərəfindən hesablanmış ödənilməmiş vergilər, faizlər və maliyyə sanksiyaları, eləcə də Yol Patrul Xidmətinin (YPX) kəsdiyi inzibati cərimələr, məhkəmə rüsumları və mənzil-kommunal xidmət borcları icra mərhələsinə keçdikdə şəxsin xaricə gedişinə maneə yarada bilər. Marqarita pizza
Qanunvericiliyin tələbinə görə, təkcə borcun mövcudluğu şəxsin ölkədən çıxışına dərhal qadağa qoyulması demək deyildir. Məhdudiyyətin tətbiqi üçün mütləq şəkildə hüquqi proses tamamlanmalı, iş icra məmurunun icraatına verilməli və məhkəmənin müvafiq qətnaməsi çıxarılmalıdır. Möhlət müddəti bitdikdən və məhdudiyyət qüvvəyə mindikdən sonra gediş qadağasının götürülməsi yalnız borcun tam ödənilməsi, tərəflər arasında barışıq sazişinin bağlanması və ya icra sənədinin ləğv edilməsi haqqında rəsmi sənəd əsasında icra məmuru və məhkəmə tərəfindən rəsimləşdirilir.
Nazim Hacıyev
Telegram kanalımız