Artıq məktəblilərin yay tətilinin başlamasına az qalıb. Tətil dönəmində isə valideynləri maraqlandıran əsas suallardan biri övladlarının yay tətilini harada və necə keçirməsidir.
Doğrudur, bundan bir neçə il öncə keçmiş Təhsil Nazirliyi tərəfindən məktəblilərin bölgələrə səfərlərinin təşkil olunmasına baxmayaraq, hazırda məktəbli düşərgələrinin qurulması ilə bağlı məsələ haqqında bir sıra müzakirələr aparılır.
Mütəxəssislər, o cümlədən sıravi insanlar yeni yay düşərgələrinin məhz işğaldan azad olunmuş bölgələrdə salınmasının tərəfdarıdır. 30 illik işğal dövründən sonra xarabazardan cənnətə çevrilən Qarabağ torpaqlarına uşaqların səfərlərinin təşkil edilməsi sözsüz ki, onların milli-mənəvi hisslərinin artırılmasında böyük kömək ola bilər. pizza hut
Laçın və Kəlbəcər yaylaqlarında həmin düşərgələrin salınması, Qarabağın sadəcə adını eşidən, amma üzünü görməyən uşaqlar üçün gözəl bir xatirə ola bilər.
Məsələ ilə bağlı Milli Məclisin deputatı, parlamentin Əmək və sosial siyasət komitəsinin üzvü Jalə Əliyeva Yenisabah.az -a deyib ki, bu məsələ, əslində, çox aktual bir məsələdir:
“Təbii ki, uşaqlarımızın gələcəyi, inkişafı, təhsili, eyni zamanda istirahəti dövlətin prioritet məsələlərindən biridir. Uşaq siyasəti ölkəmizdə çox əhəmiyyətli bir pillədədir və birbaşa dövlət rəhbərinin, o cümlədən ölkənin birinci xanımının diqqət və qayğısı ilə əhatə olunub”.
“Yay düşərgələri məsələsinə gəldikdə isə bu məsələ yay fəsli gələndə hər zaman valideynlər üçün aktual bir məsələyə çevrilir. Xüsusilə də bu gün söhbət işğaldan azad olunmuş bölgələrimizdə yay düşərgələrinin təşkil edilməsi məsələlərindən gedirsə, bu, həm də artıq strateji xarakter, habelə milli-mənəvi dəyərlərin aşılanmasını özündə daşıyır. Yəni bu, sadəcə bir uşağın istirahətini ehtiva etmir, əksinə, geniş mənaları özündə cəmləşdirir”.

Onun fikrincə, bu, bir daha Qarabağın Azərbaycan torpaqları olmasının nümayişinə və təsdiqinə çevrilə biləcək bir addımdır:
“Çünki bir ölkənin gələcəyi onun uşaqlarıdır. Artıq ölkənin gələcəyinin ayaqları həmin torpaqlara dəyirsə, eyni zamanda onlar öz ata-baba yurdlarında istirahət etmək imkanı qazanacaqlarsa, bu, elə dünyanın özünə ötürüləcək olan böyük bir mesajdır”.
Millət vəkili düşünür ki, bu gün işğaldan azad olunmuş torpaqlarımıza qayıdış konsepsiyası çərçivəsində böyük işlər həyata keçirilir:
“Eyni zamanda həmin torpaqlarda təhsil ocaqlarının yaradılması, məktəblərinin, səhiyyə sisteminin bərqərar edilməsi, yəni cəmiyyətin həyatı üçün əhəmiyyətli olan bütün sahələr həmin torpaqlarda dirçəldiyinə görə, əlbəttə ki, uşaqlarımız üçün düşərgələrin salınması da hər halda həmin layihələrin bir parçasına çevrilə bilər.
Fikrimcə, bu, həqiqətən də həm uşaqlarımızın milli-mənəvi dəyərlərə daha dərindən yiyələnməsi, həm istirahəti, həm də Azərbaycanın mövqeyi baxımından çox maraqlı və əhəmiyyətli bir aspekt kimi dəyərləndirilə bilər”.
Cəbrayıl rayonundan olan məcburi köçkün Allahverdi Əhmədov isə bu təşəbbüsü müsbət qiymətləndirib. Orta məktəb illərində Cəbrayılın Sirik kəndindəki “Qala” pioner düşərgəsində olduğunu xatırladan müsahibimiz bu ideyanın gerçəkləşməsinin uşaqların həm tərbiyəsində, həm də istirahət hüququnun bərpasında mühüm rol oynayacağını deyib:
“Hər il iyul-avqust aylarında “Qala” düşərgəsinə gedirdik. “Qala” Cəbrayılın ən mənzərəli və səfalı kəndlərindən olan Sirik dağlarında yerləşirdi. Yaşıl meşələr, buz bulaqlar və uca dağlar öz gözəlliyi ilə insanı heyrətə gətirirdi.

Təhsil dövründəki yorğunluğumuz cəmi 1 həftədə canımızdan çıxırdı. Yaxşı qidalanır, doyunca istirahət edir, rayonumuzun dilbər guşələri ilə daha yaxından tanış olurduq. Hər il özümə yeni dostlar tapırdım.
Aradan 40 ilə yaxın vaxt keçib. Buna baxmayaraq, həmin adamların çoxu ilə hələ də dostluq edirəm. Məncə, belə düşərgələrin təşkili uşaqların yeni dostlar qazanmasına böyük töhfə verəcək”.
A. Əhmədov bu cür düşərgələrin işğaldan azad olunmuş bölgələrimizdə təşkilinin vacib olduğunu dilə gətirib. Onun sözlərinə görə, Şuşa şəhərində, Kəlbəcər və Laçın yaylaqlarında belə düşərgələr təşkil etmək mümkündür:
“Bu ərazilərdə minalarla bağlı heç bir təhlükə yoxdur. Artıq 2 ildir ki, fermerlərimiz Laçın və Kəlbəcər yaylaqlarında təsərrüfatlar məşğuldurlar. Şuşa isə minalardan tamamilə təmizlənib və əhalinin sıx gedib-gəldiyi bölgəyə çevrilib.
Uşaqlarımız, yeniyetmə və gənclərimiz Qarabağı sevirlər. Mən əminəm ki, gedib p bölgələri öz gözləri ilə görəndən sonra daha çox sevəcəklər. Əvvəllər Elm və Təhsil Nazirliyinin “Vətəni tanı” layihəsi var idi. Məncə, bu layihə indi işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilməlidir. Vətəni, 30 ilə yaxın bizdən uzaq qalan cənnət Vətənim balalarımıza tanıtmaq boynumuzun borcudur”.
Rafi MÜSLÜMOV
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti üzrə hazırlanmışdır.

Telegram kanalımız