Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Bu qədər DYP postu nəyə lazımdır? – Bakı-Astara yolu
14 Yan 2022 14:10
1575

Bu qədər DYP postu nəyə lazımdır? – Bakı-Astara yolu

Uzunluğu 204 kilometr olan (köhnə yoldan 39 kilometr qısa) və 2018-ci ildə istifadəyə verilən Ələt-Astara İpək yolu Ərçivan qəsəbəsindən başlanır. Yolda Rusiyaya məxsus yüzlərlə yük maşınları yanvarın 10-da İrana getmək üçün növbəyə durmuşdu.

Rusiyaya məxsus bir yük maşınının adının çəkilməsini istəməyən sürücüsünün deməsinə görə, ölkələrində onlara aid iş yoxdur: "Biz Dağıstan sürücüləriyik. Bizi Çindən çıxartdılar. Avropa ölkələri də bizi qəbul etmir. Ona görə hamı bura gəlib. Keçən səfər burada mindən çox yük maşını var idi. Günlərlə növbə gözləyirik. Rusiyaya əliboş qayıda bilmərik. Ödəmələr var, ailə var. Maşın şirkətindirsə, yükü şirkət tapır. Maşın özünündürsə, özün yük tapırsan. Bu maşın mənim şəxsi mülkiyyətimdir".

Yaxınlıqda Azərbaycana məxsus yük maşını dayanıb. O da gileylənir: "Mən Vidadi Əkbərovam. Yükə getmirəm, maşını satıram. Çörəkdən qalmışıq. İran Astarasının gömrüyündə yükü saz maşına verirlər. Bizdə olan maşınlar köhnə, sovet dövründən qalma "Kamaz" markalı maşınlardır. Rusiyadan gələn yük maşınları isə Avropada istehsal olunmuş yük maşınlarıdır...".

Bakıya sərnişin daşıyan mikroavtobusun sürücüsü Şahlar Hüseynov isə deyir ki, əvvəllər İpək yolunda Yol polisi məntəqələri yox idi, indi üç məntəqə var: "Masallının girəcəyində, Salyan ərazisində, bir də Qaradağda. Vaxtımızı bu məntəqələr alır...".

Yanacaqdoldurma məntəqəsində Bakı-Astara xətti ilə işləyən "Mercedes" markalı avtomobilin özünü Elman kimi təqdim edən sürücüsü isə deyir ki, xərci azaltmaqdan ötrü qaz yanacağına keçib: "Maşın həm benzinlə işləyir, həm də qazla. Qazın qiyməti də bahalaşıb, kubu 45 qəpik idi, indi olub 65 qəpik. Qazla bağlı qurğunu avtomobilə əlavə etmək və sənədləşməyə xərcim çıxıb. Bir gedişə 15 manat fərq edir. 15 manat bizim üçün böyük puldur".

Həmin sürücü keçmişə qayıdır: "Yəqin yadınızdadır. Lənkəran Rayon İcra Hakimiyyətinin sabiq başçısı, rəhmətlik Dilruba Camalova 90-cı illərdə rəhmətlik Prezident Heydər Əliyevə Yol polisi postlarının çoxluğundan şikayət etmişdi. O vaxtları Bakı-Astara yolunda altı post var idi. Şikayətdən sonra birini saxladılar. Eyni istiqamətdə olan yolda postların çoxluğu nəyə lazımdır?".

Onun sözlərinə görə bahalaşmadan sonra sərnişinlərin sayı da azalıb: "İrandan da az adam çıxır. Hökumət mənə əl tutmalıdır ki, özüm üçün iş tapmışam. Ödəmələri edirəm. Təkər vermir, benzin baha...".

Yolda polis postlarının çoxluğu ilə bağlı şikayətlərə, hələlik, Baş Dövlət Yol Polis İdarəsi və başqa əlaqədar qurumlardan münasibət almaq mümkün olmayıb. Amma qurumdan, bir qayda olaraq, sürücülərin əsassız yoxlamalarla bağlı şikayətlərini düzgün saymırlar. /Azadliq.org

 


Youtube kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər