“Bu seçim onlar üçün ölüm deməkdir” –  Hüquq müdafiəçisi
26 Okt 2020 18:00
1570

“Bu seçim onlar üçün ölüm deməkdir” – Hüquq müdafiəçisi

Dağlıq Qarabağın işğaldan azad edilməsi üçün Azərbaycan Ordusu tərəfindən sentyabrın 27-dən başlayaraq həyata keçirilən əks-hücum əməliyyatı hazırda da davam edir. Bir ay ərzində 160-dan çox yaşayış məntəqəmiz düşməndən təmizlənib. Beləliklə, BMT Təhlükəsizlik Şurasının 874 və 884 saylı qətnamələri öz əhəmiyyətini itirib. Silahlı Qüvvələrimiz tərəfindən düşmənin canlı qüvvəsi ilə yanaşı çoxlu sayda hərbi texnikası da məhv edilib. Düşdüyü çətin vəziyyətdən çıxış yolu axtaran Ermənistan təkcə Suriya və Livandan terrorçu dəstələri orduya cəlb etməklə qalmır, həm də ölkə daxilində qadın və azyaşlı uşaqları ordu sıralarına daxil edir. Bu isə Uşaq Hüquqları Konvensiyasına, beynəlxalq humanitar hüququn prinsiplərinə ziddir.

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev də Yenisabah.az-a açıqlamasında bildirib ki, Ermənistan azyaşlıları hərbi fəaliyyətə cəlb etməklə beynəlxalq və özlərinə məxsus milli qanunvericiliyi pozub:

“Ermənistan “Uşaq hüququları haqqında” Konvensiya imzalayıb. Bu Konvensiyanın 38-ci maddəsində göstərilir ki, 15 yaşından aşağı şəxsləri hərbi fəaliyyətə cəlb etmək yolverilməzdir. Amma son günlər sosial şəbəkələrdə də görürük ki, ermənilər azyaşlı uşaqları döyüş əməliyyatına cəlb edirlər. Başqa bir sənəd var ki, bu, həmin konvensiyaya əlavə edilən protokoldur. 2002-ci ildə əlavə edilən protokolda  deyilir ki,  ümumiyyətlə, 18 yaşadək olan şəxslərin hərbi işə cəlb edilməsi yalnız könüllü şəkidə ola bilər. Həmçinin beynəlxalq humanitar hüququn qaydalarına görə də azyaşlıları hərbi əməliyyata cəlb etmək qadağandır. Bununla bağlı həm siyasi, həm də hərbi rəhbərlik məsuliyyət daşıyır”.

Mütəxəssis qeyd edib ki, Ermənistanın bu addımı bütövlükdə hərbi xidmət əleyhinə olan cinayətlər kateqoriyasına daxildir:

“Bunun baş vermə səbəbləri çoxdur. Birinci səbəb odur ki, Ermənistanda ordudan kütləvi şəkildə fərarilik var. İkinci bir tərəfdən, Ermənistanda hazırda  koronavirus pandemiyasının yayılmasından istifadə edib arayış alanlar var. Çünki yetkinlik yaşına çatmış şəxslər vuruşmaq istəmirlər, bilirlər ki, bu seçim onlar üçün ölüm deməkdir. Onlar işğalçı müharibədə iştirak etmək istəmirlər. Üçüncüsü, Ermənistanı tərk edib gedənlər var ki, həmin şəxslər təzədən qayıdıb döyüşmək fikrində deyillər, çünki başqa yerdə özlərinə həyat qurublar. Başqa bir məsələ onunla bağlıdır ki, bütövlükdə Ermənistan hərbi-siyasi rəhbərliyi öz məsuliyyət hissini itirib. İnsanlar rəhbərlərinə inanmırlar. Tam əmindirlər ki bu seçim onların sonu olacaq. Hazırda Ermənistan hərbi-siyasi rəhbərliyi azyaşlılarla bərabər qocaları da orduya çağırır. Lakin istənilən ölkənin qanunvericiliyində bununla bağlı məhdudiyyət var. Normalda 35 yaşadək əsgər və zabitlər, 50-55  yaşadək hərbi rütbədən asılı olmayan şəxslər orduya cəlb edilir. Onlar isə kütləvi şəkildə yaşlıları cəlb edirlər. Digər bir tərəfdən qadınları ordu sıralarına daxil edirlər. Son ümidləri uşaqlara qalıb. Uşaqlara avtomat tutdurublar. O uşaqların gözlərindəki qorxu hiss olunur”.

Hüquqşünas Ermənistanda faşist rejiminin hökm sürdüyünü vurğulayıb:

“Faşistlər də ikinci dünya müharibəsinin sonunda 12-15 yaşlı uşaqları orduya cəlb edirdi. Paşinyan rejimi faşist mahiyyətini üzə çıxarır. Ermənistanda kütləvi psixozdur, bu atılan bütün addımlarda özüünü göstərir. Hətta öz uşaqlarına münasibətdə belə faşist yanaşma var. Onlar üçün insanın dəyəri yoxdur, yalnız “böyük Ermənistan”, “dənizdən dənizə” kimi sərsəm ideyalar var. Ermənistan bu günü və gələcəyi düşünməkdən məhrum olub. Onlar Cənubi Qafqazda yalnız gərginlik mənbəyidir, bütün  qonşularına ərazi iddiaları var. Bir gün Everest də bizimdir deyəcəklər. Xəstə təxəyyül sahibidirlər”.

Əlimməmməd Nuriyev diqqətə çatdırıb ki, beynəlxalq təşkilatlar Ermənistanın uşaqların hərbiyə cəlb etməsi məsələsinə həmişə olduğu kimi susur:

“Onlar məsələyə münasibət bildirməlidirlər. Obyektivlikləri haraya getdi? Dünyada uşaqların hərbi əməliyyata cəlb edən şəxslərin həbs edilməsilə bağlı nümunələr də var. 2006-cı ildə Konqo Demokratik Respublikasında Konqonun azadlığı uğrunda mübarizə aparan təşkilat vardı. Həmin təşkilatın rəhbəri bu cinayət səbəbilə 14 il azadlıqdan məhrum edildi. Digər tərəfdən Nigeriyanın keçmiş prezidenti də  50 il müddətinə həbs edildi. Ümid edirəm ki, bir gün belə bir məhkəmə Ermənistan siyasi və hərbi rəhbərliyi üçün qurulacaq. Həm humanitar hüququ pozduqlarına və soyqırıma, həm də uşaqların hərbi əməliyyata cəlb etdiklərinə və digər cinayətlərə görə cəzalandırılacaqlar. Ədalət gec-tez yerini tapır. Heç kim qaça bilməyəcək”.

Sayad HƏSƏNLİ

“Bu seçim onlar üçün ölüm deməkdir” –  Hüquq müdafiəçisi
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər