Bu tələbələr təhsil haqqı ödəməyəcək -   TAM SİYAHI

saytların hazırlanması

Evə çatdırılma

Bu tələbələr təhsil haqqı ödəməyəcək - TAM SİYAHI

Sosial

28 Avqust 2026 11:49 247


2026/2027-ci tədris ili üzrə ali məktəblərə qəbul olunan tələbələrin yarıdan çoxu ödənişli əsaslarla təhsil alacaq.

Dövlət İmtahan Mərkəzinin açıqladığı statistikaya əsasən, bu il ali təhsil müəssisələrinə ümumilikdə 58 947 nəfər qəbul olunub. Onlardan 28 108 nəfəri dövlət sifarişi, 317 nəfəri dövlət hesabı, 30 522 nəfəri isə ödənişli əsaslarla tələbə adını qazanıb.

"Yeni Sabah" Modern.az-a istinadla xəbər verir ki, ödənişli əsaslarla qəbul olunanların qeydiyyatı zamanı onların hamısından təhsil haqqını şəxsi vəsaiti hesabına ödəmək tələb olunmur. Qanunvericilik müəyyən sosial kateqoriyalara aid tələbələrin təhsil haqqının dövlət büdcəsi hesabına qarşılanmasını nəzərdə tutur. pizza sifarişi

Bəs ödənişli əsaslarla universitetə qəbul olunsa da, təhsil haqqını özü ödəməyəcək şəxslər kimlərdir?

Şəhid ailəsinin üzvləri

“Təhsil haqqında” Qanuna əsasən, dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan şəhid ailəsinin üzvlərinin təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir.

Belə ki, şəhid ailəsi statusuna malik şəxslər üçün müvafiq qanunvericilikdə nəzərdə tutulan şərtlər daxilində bu güzəşt tətbiq olunur.

Müharibə veteranları

Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər də ödənişli əsaslarla universitetə qəbul olunduqda onların təhsil haqqı dövlət büdcəsi hesabına qarşılanır.

Bu güzəşt dövlət universitetləri ilə məhdudlaşmır, dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrinə şamil edilir.

Şəhidlərin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin övladları

Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqlarının da təhsil haqqı dövlət tərəfindən ödənilir.

Eyni güzəşt Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşmüş və məhkəmə tərəfindən ölmüş elan edilmiş şəxslərin övladlarına şamil olunur.

Əlilliyi müəyyən edilmiş şəxslər

Ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin, eləcə də 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Bu güzəşt də dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrini əhatə edir.

Valideyn himayəsindən məhrum olmuş şəxslər

Qanunvericilikdə valideyn himayəsindən məhrum olmuş uşaqlar və onların arasından olan şəxslər üçün də xüsusi təminat nəzərdə tutulub.

Hazırkı qanunvericiliyə əsasən, bu kateqoriyaya, digər hallarla yanaşı, bir valideyni vəfat etmiş, digər valideyninin orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, eləcə də hər iki valideyni vəfat etmiş, məlum olmayan, valideynlik hüququndan məhrum edilmiş, xəbərsiz itkin düşmüş və qanunda göstərilən digər hallarda olan şəxslərin uşaqları daxil edilə bilər.

Bu kateqoriyadan ali, orta ixtisas və peşə təhsili müəssisələrində əyani formada təhsil alan 23 yaşınadək şəxslərin də qanunvericiliklə müəyyən edilmiş qaydada təhsil haqqı dövlət hesabına ödənilir.

Məcburi köçkün statusu olanlar

Məcburi köçkün statusuna malik Azərbaycan vətəndaşları dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları halda onların təhsil haqqı dövlət büdcəsindən qarşılanır. Burada mühüm fərq ondan ibarətdir ki, digər bir sıra güzəşt kateqoriyalarından fərqli olaraq, məcburi köçkünlər üçün bu norma ali təhsil üzrə dövlət universitetlərinə münasibətdə tətbiq edilir.

2026-cı ildən yeni güzəşt – həlak olmuş minatəmizləyənlərin övladları

Bu il güzəşt tətbiq olunan şəxslərin siyahısı daha bir kateqoriya üzrə genişləndirilib. Belə ki, 2026-cı il aprelin 27-də qəbul edilən qanunla minatəmizləmə fəaliyyəti zamanı partlayıcı sursatın işə düşməsi nəticəsində həlak olmuş və ya aldığı xəsarətdən həyatını itirmiş minatəmizləyənlərin övladlarının da təhsil haqqının dövlət büdcəsi hesabına ödənilməsi müəyyənləşdirilib. Yeni imtiyaz 15 sentyabr 2026-cı ildən tətbiq olunacaq və qanun qüvvəyə minənədək belə hadisələr nəticəsində həyatını itirmiş minatəmizləyənlərin övladlarına da şamil ediləcək.

Məlumat üçün bildirək ki, güzəşt kateqoriyasına daxil olmayan, lakin təhsil haqqını birdəfəlik ödəmək imkanında olmayan tələbələr Təhsil Tələbə Kreditinə müraciət edə bilərlər. TTK isə təhsil haqqından azadolma deyil, müəyyən şərtlərlə verilən kredit mexanizmidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!