Ürək-damar xəstəlikləri ilə bağlı müalicə və müayinələrin icbari tibbi sığorta hesabına qarşılanıb-qarşılanmaması vətəndaşların ən çox maraqlandığı məsələlərdəndir. Xüsusilə angioqrafiya və ürəyə stent qoyulması zamanı xəstələrin əlavə ödəniş edib-etməyəcəyi ilə bağlı suallar yaranır.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi "Yeni Sabah"ın sorğusuna cavab olaraq ürək angioqrafiyası və stent əməliyyatının icbari tibbi sığorta çərçivəsində qarşılanması ilə bağlı açıqlama verib.
Agentlik bildirib: pizza
“Ürək-damar xəstəliklərinin angioqrafiyası (kontrast maddə istifadəsi ilə invaziv endovaskulyar müayinə üsulu) icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxildir. Ürək xəstəliklərinin diaqnostikası məqsədilə angioqrafiya müayinəsi invaziv radioloq və ya kardioloq tərəfindən icra olunur. Müayinə üçün göndərişlər kardioloq və ürək-damar cərrahları tərəfindən verilir.
Bəli, ürəyin koronar arteriyalarında yaranmış tıxanıqlığı aradan qaldırmaq üçün damar stentlərinin (həm dərman ifraz edən, həm də dərman ifraz etməyən) implantasiyası əməliyyatı (koronar angioplastika) icbari tibbi sığorta hesabına icra olunur. Kəskin miokard infarktı, stenokardiya, ateroskleroz, postinfarkt kardioskleroz, bəzi anadangəlmə ürək-damar qüsurları kimi ürək xəstəlikləri koronar damarlara stentin qoyulması üçün əsas sayıla bilər. Xəstəliyin diaqnostikası üçün əməliyyatdan əvvəl təyin olunan exokardioqrafiya (ExoKQ), elektrokardioqrafiya (EKQ), USM, holter monitorinqi, tredmil test, koronaroqrafiya, aortoqrafiya, koronar arteriyalarda damardaxili təzyiqin ölçülməsi kimi funksional diaqnostik, rentgenoloji müayinələr və laborator analizlər icbari tibbi sığorta təminatına daxildir.
Vətəndaş şikayəti yarandıqda ilk növbədə TƏBİB və Səhiyyə Nazirliyinin tabeliyindəki tibb müəssisələrindən birində ixtisaslı həkimə yaxınlaşmalıdır. Pasiyent ixtisaslı həkim müayinəsindən, tibbi göstərişə və ixtisaslı həkim təyinatına əsasən təyin olunmuş funksional diaqnostik, laborator müayinələrdən keçir. Müayinələr nəticəsində angioqrafiya və koronar angoplastikaya tibbi göstəriş aşkar olunarsa müvafiq xidmətlər sığortaolunanlara təcili və planlı qaydada göstərilir. Əməliyyat zamanı reanimasiya, stasionarda yatış və bu zaman istifadə olunan dərman, tibbi sərf, xüsusi tibbi sərfiyyat (stent, balon və s.) həmçinin zəruri müayinələr icbari tibbi sığorta ilə qarşılanır".
Əsmətxanım Rzazadə
Telegram kanalımız