“Camal Qasanoviç”in filmoqrafiyası: “Dedi, kostyumu çıxarma, elə bu kostyumla evə get” -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

“Camal Qasanoviç”in filmoqrafiyası: “Dedi, kostyumu çıxarma, elə bu kostyumla evə get” - VİDEO

Mədəniyyət

10 Avqust 2026 15:41 93


Avqustun 9-da vəfat etmiş Əməkdar incəsənət xadimi Çingiz Əlioğlu başqa bir adla da tanınırdı.

“Yeni Sabah” xəbər verir ki, o, yaddaşlarda həm də “Camal”, yaxud “Camal Qasanoviç” kimi qalıb.

Tanınmış şairin filmoqrafiyasında bu obraz müstəsna yer tutur: Marqarita pizza

“Təxminən 25 yaşım olardı. İlk şeirlər kitabı çıxan cavan bir şair idim. Bir gün “Parapet” bağının yanı ilə dayımgilə (yazıçı İlyas Əfəndiyev-E.N.) gedirdim. Bir nəfər gülümsər şəkildə məni çağırdı: “Səni bir dəqiqə olar?” Baxdım ki, bu adamı hardansa tanıyıram. Sonra bildim ki, rejissor Arif Babayevdir”, - deyə Ç.Əlioğlu vaxtilə mediaya danışmışdı. - Dedi, mən bilən, sən cavan şairsən. Dedim ki, hə, belə deyirlər. Soruşdu ki, məni tanıyırsan? Dedim, səhv etmirəmsə, Arif müəllimsiz. Dedi ki, sabah kinostudiyaya gəl. Dedim ki, xeyir ola, Arif müəllim? “Gəl ora, səninlə işim var”.

Səhəri dediyi vaxtda getdik ora. “Gün keçdi” filminə kastinq, yəni aktyor seçimi aparırmışlar. Dedilər ki, səni indi “prob”a çəkəcəyik. Qrim-zad da elədilər. Amma heç demədilər ki, bu hansı filmdir, kimin ssenarisidir və sən hansı obraza çəkilirsən...

Çox qəribə bir hal idi. O vaxt o filmin ikinci rejissoru Arif Rüstəmov idi. Yəqin, fikirləşiblər ki, sınaq çəkilişinə cəlb olunmağım təsadüfi bir işdir. Yəni heç məni qəbul etməyəcəkdilər. Qrim elədilər, qurama bir eynək taxdılar, saçıma da ağ çəkdilər. Çoxlu fotolar və kamera ilə çəkiliş oldu. Nə isə o qədər də əhəmiyyət vermədim.

Bir neçə gün keçmişdi, xəbər gəldi ki, məni kinostudiyadan axtarırlar. Demə, filmdə Camal Qasanoviç obrazına təsdiq olunmuşam. Daha sonra da çəkilişlər oldu. Çəkiliş üçün bir fin kostyumu gətirildi. Elə bil o kostyum əynimə biçilmişdi.

Rəhmətlik Arif müəllim çəkilişdən sonra baxdı, baxdı, dedi ki, kostyumu çıxarma, elə bu kostyumla get evə. Mən də heç vaxt kostyum geyməzdim. Həmişə cinsdə olardım. Ona görə də çəkilişlərim bitdiyi vaxt kostyumu da kinostudiyaya qaytardım. Mənimki ancaq cins şalvar idi“.

Çingiz Əlioğlunun “kino karyerası” bununla bitmir. O daha sonralar Vaqif Mustafayevin quruluşçu rejissoru olduğu “Yaramaz” filmində də yer alıb:

“Yaramaz” filmində də telejurnalist obrazında çıxış edirdim. Vaqif Mustafayev məni filmə dəvət etdi. Həm də o vaxt artıq tanınırdım. Nəşriyyatda şöbə müdiri ola-ola, həm də “Gənclik” televiziya jurnalının aparıcısı və ssenari müəllifi idim. Ora sevə-sevə getdim. Çünki bacardığım iş idi və Vaqif Mustafayevin də bacarığına bələd idim”.

Çingiz Əlioğlunu daha bir neçə filmə dəvət ediblər. Amma onların hamısından özü imtina edib:

“Sonra Vaqif məni başqa bir filminin kastinqinə də dəvət etmişdi. “Xaş əhvalatı” adlanırdı. Ancaq mən orada iştirakdan imtina etdim. Orda belə bir yer var idi ki, filmin qəhrəmanı arvadla yatır və ona zəng gəlir. Ona görə də kastinqə getmədim.

Məşhur “Axırıncı aşırım” filminə dəvət etmişdilər. Kərbəlayının kiçik qardaşı Vəli roluna. Amma ora da getmədim. Bir qəribə əhvalat da olub, onu da deyim.

1987-ci il idi. Təzə evlənmişdim. Yoldaşımla Krıma getmişdik. SSRİ Yazıçılar İttifaqının yaradıcılıq evinə. Xanımımla skamyada oturub dənizə baxırdıq. Bir də gördüm ki, üç nəfər qadın çox diqqətlə bizə baxır. Mən də təzə evlənmişdim. Dedim, bəlkə köhnə qələtlərimdəndilər ki, mənə belə baxırlar. Bir də gördüm ki, bir az gedəndən sonra həmən geri dönüb düz mən tərəfə gəldilər.

Dilxor oldum, öz-özümə dedim ki, bu nə zibil idi mən düşdüm. Yaxınlaşıb dedilər ki, olar sizi? Sərt şəkildə dedim ki, buyurun. Dedilər ki, “Mosfilm” burada bir film çəkir və sizi onun aktyor seçiminə dəvət etmək istəyirik. Razılaşmadım. Dedim ki, xeyr, aktyor deyiləm, bu işi bacarmıram. Dedilər, siz bütün xarici göstəricilərinizlə rola tam uyğunsunuz. Yenə razı olmadım. Dedilər ki, filmə Armen Ciqarxanyan da çəkilir. Cavab verdim ki, əgər mənə desəydiniz ki, filmdə Monika Vitti, yaxud başqası çəkilir, bəlkə də düşünərdim. Amma bu mənlik deyil. Sonradan bildim ki bu, “Koroleva kapustı” filmidir. O filmə azərbaycanlı aktyorlardan bir neçə nəfər çəkilib”.

Mərhumun oğlu Orman Əliyev kinematoqrafiya sahəsində tanınmış rejissor və prodüserdir, Bakı Media Mərkəzinin icraçı direktorudur. “Hədəf Bakıdır”, “Əbədi ezamiyyət”, “Şuşa, sən azadsan!” və “Borc” kimi tanınmış kino və sənədli film layihələrinin rəhbəri və ya prodüseri olub.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!