“İqtisadi çətinlik dövründə insanın böyük alışlardan imtina edib kiçik və nisbətən əlçatan bahalı məhsullara yönəlməsi psixoloji baxımdan başadüşüləndir. Ev və ya avtomobil almaq böyük maliyyə qərarıdır və gəlir azaldıqda bu məqsədlər təbii olaraq təxirə salınır”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib. Onun sözlərinə görə insanın özünü mükafatlandırmaq, əvvəlki həyat səviyyəsini müəyyən qədər qorumaq və “heç olmasa bunu özümə ala bilirəm” hissini yaşamaq ehtiyacı qalır:
“Buna görə bahalı kofe, ətir, restoran yeməyi, kosmetika və digər kiçik lükslər insan üçün əlçatan alternativə çevrilir. Burada söhbət təkcə məhsul almaqdan getmir, həm də stressi azaltmaq və gündəlik həyatda kiçik bir zövq yaratmaq cəhdindən gedir. Marqarita pizza
Kiçik lükslərin müəyyən psixoloji faydası ola bilər. İnsan bütün xərclərini yalnız zəruri ehtiyaclara yönəldəndə uzunmüddətli qənaət prosesi psixoloji baxımdan yorucu ola bilər. Özünə əvvəlcədən müəyyən edilmiş kiçik bir məbləğ çərçivəsində zövq vermək qənaət rejimini davam etdirməyə kömək edə bilər. Problem həmin xərclərin nəzarətdən çıxması ilə başlayır.
“Cəmi 5-10 manatdır” düşüncəsi ilə edilən alışlar çoxaldıqda ayın sonunda ciddi məbləğə çevrilir. Xüsusilə insan alışdan əvvəl ehtiyacını deyil, həmin anda keçirdiyi emosiyanı əsas götürürsə, bu artıq impulsiv - ani xərcləmə davranışına çevrilə bilər.
Şirkətlər də məhz bu psixologiyanı nəzərə alırlar. Böhran dövründə istehlakçıların böyük və bahalı məhsullara marağı azala bilər, buna görə şirkətlər daha əlçatan qiymətə məhsullar, kiçik ölçülər, endirimlər, loyallıq proqramları, “özünü mükafatlandır” tipli reklamlar və kampaniyalar təklif edirlər. Məqsəd istehlakçının tamamilə alışdan çəkilməsinin qarşısını almaqdır. Məsələn, insan yeni avtomobil almaya bilər, amma avtomobil üçün aksesuar, kosmetik qulluq və ya başqa kiçik məhsul ala bilər. Restorana hər həftə getmək əvəzinə ayda bir neçə dəfə daha bahalı qəhvə və desert sifariş edə bilər. Beləliklə, böyük istehlak azalarkən kiçik istehlak davam etdirilir.
Azərbaycanda da bu davranışın müxtəlif formalarını görmək mümkündür. Bahalı kofe və desertlər, restoran və fast-food sifarişləri, ətir və kosmetika, geyim və aksesuarlar, telefon üçün müxtəlif aksessuarlar, taksi istifadəsi, ödənişli rəqəmsal platformalara abunəliklər və müxtəlif kiçik əyləncə xərcləri buna nümunə ola bilər. Bunların hamısını “lazımsız xərc” adlandırmaq düzgün olmaz. Məsələ daha çox həmin xərclərin gəlirə nisbətində və nəzarətsiz şəkildə artmasındadır.
Ən böyük təhlükə də məhz xırda xərclərin görünməzliyidir. İnsan 8-10 manatlıq alışa böyük xərc kimi baxmır. Amma hər gün 8 manat xərclənirsə, ay ərzində təxminən 240 manat edir. Gündə 5 manatlıq əlavə xərclər də ayda 150 manata çevrilir. Yəni böyük alış etmədiyimiz üçün qənaət etdiyimizi düşünərkən, əslində pul xırda kanallarla büdcədən çıxa bilər.
Bunun qarşısını almağın ən sadə yolu özünə tamamilə “heç nə alma” qadağası qoymaq deyil. Əksinə, kiçik lükslər üçün əvvəlcədən aylıq limit müəyyən etmək daha real yanaşmadır. Məsələn, insan gəlirinin müəyyən hissəsini istirahət və şəxsi zövqlər üçün ayırırsa, həmin məbləğ bitdikdən sonra əlavə xərcləri dayandırır. Beləliklə, həm özünü tam məhrum etmir, həm də xərclərin nəzarətdən çıxmasına imkan vermir”.
A.Nəsirli qeyd edib ki, digər faydalı üsul xırda xərcləri bir ay ərzində yazmaqdır:
“İnsan çox vaxt pulunun hara getdiyini məhz belə müşahidə etdikdən sonra görür. Hər gün kofe, taksi, çatdırılma, qəlyanaltı və digər kiçik ödənişləri qeyd etmək ayın sonunda real mənzərəni göstərir. Bundan sonra hansı xərclərin həqiqətən zövq verdiyini, hansılarının isə sadəcə vərdişə çevrildiyini ayırmaq asanlaşır.
Əsas prinsip budur: böhran dövründə bütün zövqlərdən imtina etmək lazım deyil, amma “böyük alış edə bilmirəm, heç olmasa kiçik bir şey alım” düşüncəsinin davamlı xərcləmə mexanizminə çevrilməsinə imkan vermək olmaz. Kiçik lüks əvvəlcədən müəyyən edilmiş büdcə daxilindədirsə, problem deyil. Əgər insan həmin alışları stress, narahatlıq və ya özünü uğursuz hiss etdiyi zaman avtomatik olaraq edirsə, artıq məsələ məhsuldan çox maliyyə davranışına çevrilir”.
Cəlalə Cəlalqızı
Telegram kanalımız