Tarix boyu sülh və əmin-amanlıq rəmzi hesab olunan göyərçinlər, eyni zamanda siyasətçilər və ictimai xadimlərin tez-tez müraciət etdiyi güclü bir təbliğat simvoludur. Lakin bu rəmzi jest hər zaman hədəfə çatmır. Son günlər iki fərqli siyasətçinin səmaya göyərçin buraxarkən yaşadıqları uğursuzluq medianın əsas müzakirə mövzularından birinə çevrilib.
Məhkəmə qərarı ilə Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının sədrliyinə yenidən qayıdan Kamal Kılıçdaroğlu mayın 31-də siyasi təşkilatın qərargahına gəlib, binanın önündə tərəfdarları ilə görüşüb, çıxış edib və sonda sülh rəmsi olaraq havaya göyərçin uçurmaq istəyib. Lakin quş səmaya qalxmayıb. Partiya sədri bir neçə dəfə göyərçini uçurmağa çalışıb. Buna nail olmayan K.Kılıçdaroğlu quşu masanın üzərinə qoymağa cəhd edib. O, bu dəfə də uğursuzluqla üzləşib. CHP sədri sonra sülh rəmzini mühafizəçisinə verib. O da quşu havaya tullayıb.
İyunun 2-də Ermənistanın Geğarkunik vilayətində seçicilərlə görüşən Baş nazir Nikol Paşinyana sakinlərdən biri sülh rəmzi olaraq ağ göyərçin təqdim edib. Paşinyan quşu havaya buraxmağa çalışsa da, ilk cəhddə göyərçin uçmaqdan imtina edərək geri qayıdıb və Baş nazir onu havada tutmalı olub. İkinci cəhddə isə quş ümumiyyətlə havaya qalxmayaraq birbaşa yerə enib. Paşinyan uçmayan göyərçini yerdən qaldıraraq sahibinə qaytarmaq məcburiyyətində qalıb və bu kadrlar Ermənistandakı seçki kampaniyasının ən çox müzakirə olunan viral videosuna çevrilib.
Paşinyanın son videosu ilə paralel şəkildə yenidən gündəmə gətirilən bu kadr, rəqəmsal platformalarda iki liderin “göyərçin imtahanı” adı altında geniş müzakirələrə səbəb olub. Marqarita pizza
Mövzu ilə bağlı “Yeni Sabah”a danışan politoloq Zərdüşt Əlizadə bildirib ki, göyərçin əslində təbliğ edildiyi qədər sülhpərvər canlı deyil:
“Əvvəla onu deyim ki, ictimai rəy bir şeydir, həqiqət başqa şeydir. Məsələn, ictimai rəydə göyərçin “sülh” rəmzi kimi qəbul edilir. Bu mövzuda əsərlər yazılıb, rəsmlər çəkilib. Ən məşhuru isə görkəmli ispan rəssamı Pablo Pikassonun “Sülh göyərçini” əsəridir. Lakin əslində göyərçin çox amansız canlıdır. Bir çox heyvanlar, quşlar öz cinsindən olan rəqiblə vuruşanda, qarşı tərəfin məğlub olduğunu görən zaman əl çəkirlər və öldürmürlər. Lakin bir göyərçin başqa bir göyərçinlə dalaşan zaman rəqibi təslim olsa belə, mütləq dimdikləyib öldürməlidir. İctimai rəydəki “sülh göyərçini” mövzusuna gəlincə, bundan istifadə edən müxtəlif siyasətçilər və ictimai xadimlər var”.
Politoloq əlavə edib ki, daha çox siyasi proseslərin nəticələri analiz edilməlidir:
“Bəzi hallarda uçması istənilən göyərçin həmin şəxslərin sözünə baxmır. Elə götürək sizin qeyd etdiyiniz Ermənistan Baş naziri Nikol Paşinyan və Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunu. Paşinyanın seçki kampaniyası zamanı göyərçini uçura bilməməsi Ermənistan mətbuatında lağlağı ilə qarşılandı. Amma gəlin məsələyə daha dərin aspektdən yanaşaq. Siyasi hadisələrin xalqın mənafeyi ilə dərin bağlılığı var. Ermənistanda iyunun 7-də keçiriləcək seçkilərdə çox mühüm məsələ həll olunacaq. Bu seçkinin nəticəsindən asılı olaraq, ya Bakı və İrəvan daimi sülh yoluna qədəm qoyacaq, ya da erməni revanşist qüvvələr hər iki dövləti yenidən yorucu və lüzumsuz qarşıdurmalara sövq edəcək”.
Z.Əlizadənin fikrincə, K.Kılıçdaroğlunun siyasətə qayıtması səhv addımdır:
“Kamal Kılıçdaroğluna gəlincə, insan gərək kimliyindən asılı olmayaraq, gerçəkliyi düzgün dərk eləsin. Kılıçdaroğlu yaxşı adamdır və görkəmli siyasi xadimdir. Amma o, gərək başa düşərdi ki, özünün partiyaya liderlik etmək istəyindən rəqibləri sui-istifadə edir. Kılıçdaroğlu gərək siyasətə qayıtmazdı. Lakin o qayıtdı və adicə göyərçin uçura bilməməsi Türkiyə mediasında məsxərəyə çevrildi”.
Qeyd edək ki, göyərçinin sülh və ümid rəmzi kimi ilk yazılı və ən məşhur istifadəsi Tövratda Nuh peyğəmbərin hekayəsi ilə bağlıdır. Hekayəyə görə, böyük tufandan sonra Nuh peyğəmbər suların çəkilib-çəkilmədiyini öyrənmək üçün gəmidən bir göyərçün buraxır. Göyərçin geriyə dimdiyində zeytun budağı ilə qayıdır. Bu, Tanrının qəzəbinin bitdiyini, bəşəriyyətlə Tanrı arasında yenidən sülhün, əmin-amanlığın bərqərar olduğunu və həyatın başladığını simvolizə edirdi.
Nazim Hacıyev
Telegram kanalımız