Yeni tədris ilinin başlaması ilə əlaqədar paytaxt yollarında, xüsusilə təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə nəqliyyat vasitələrinin hərəkət intensivliyinin artacağı gözlənilir.
"Yeni Sabah" xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, övladlarını məktəb və digər təhsil müəssisələrinə avtomobillə gətirən bəzi valideynlər, eləcə də özü avtomobil idarə edən tələbələr tərəfindən yol hərəkəti qaydalarının pozulması həmin ərazilərdə süni nəqliyyat sıxlığının yaranmasına səbəb olur. pizza
Belə hallar təhsil müəssisələrinin yaxınlığındakı yollarla yanaşı, həmin küçə və prospektlərə bitişik ərazilərdə də hərəkətin çətinləşməsinə, ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin əlavə vaxt itirməsinə gətirib çıxarır.
Mərkəz valideynlərə və tələbələrə müraciət edərək, xüsusilə təhsil müəssisələrinin ətrafında yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırıb.
Sürücülərdən nəqliyyat vasitələrini dayanma və durmanın qadağan edildiyi yerlərdə, yolun hərəkət hissəsinin ikinci cərgəsində, ictimai nəqliyyat dayanacaqlarında, eləcə də digər hərəkət iştirakçılarına maneə yaradacaq şəkildə saxlamamaları xahiş olunub.
Avtomobillərin mümkün qədər yerüstü və yeraltı dayanacaqlarda, həmçinin müəyyən edilmiş parklanma yerlərində saxlanılması tövsiyə edilir.
Qeyd olunub ki, yeni tədris ili ilə əlaqədar Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yol polisi əməkdaşları ilə birgə paytaxtda yerləşən təhsil müəssisələrinin qarşısında, eləcə də digər küçə və prospektlərdə nəqliyyat vəziyyətini nəzarətdə saxlayacaq.
Süni nəqliyyat sıxlığına səbəb olan hallar aşkarlandıqda onların aradan qaldırılması istiqamətində zəruri tədbirlər görüləcək.
Bununla yanaşı, nəqliyyat axınının fasiləsizliyini təmin etmək məqsədilə paytaxtın müxtəlif istiqamətlərində svetoforlarda “yaşıl dalğa” rejimi tətbiq ediləcək.
Aytac Əliyeva
Telegram kanalımız