Dörd vəkil cəzalandırıldı

saytların hazırlanması

Evə çatdırılma

Dörd vəkil cəzalandırıldı

Siyasət

01 May 2026 12:49 101


Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Bu barədə “Yeni Sabah”a qurumun Mətbuat xidmətindən bildirilib.

İclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, son dövrdə həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Gündəliyə uyğun olaraq bəzi vəkillərin dövlət qulluğunda fəaliyyətinə xitam verilməsi ilə əlaqədar vəkillik fəaliyyətinin bərpa edilməsi, dövlət qulluğuna qəbul edildiyinə görə vəkillik fəaliyyətinin dayandırılması, digər vəkil qurumlarına keçməsi, müəyyən müddətə üzvlük haqqından azad olunması və mövcud borcların silinməsi ilə bağlı müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib.

Bundan başqa, VK-nın Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi, 77 ünvanında yerləşən inzibati binasında aparılan təmir-tikinti işlərinin gedişi ilə bağlı məsələlər müzakirə olunub. Qeyd edilib ki, hazırda inzibati binada təmir-tikinti işləri davam etdirilir. Görülən işlər çərçivəsində müasir standartlara uyğun iş şəraitinin yaradılması üçün əlverişli infrastrukturun formalaşdırılması nəzərdə tutulur.

Eyni zamanda dövlət hesabına hüquqi yardımın göstərilməsi ilə bağlı məsələyə baxılıb. Bu istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib, mövcud vəziyyət və qarşıda duran vəzifələr diqqətə çatdırılıb.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb. Rəyasət Heyətinin müvafiq qərarları ilə yol verilən intizam pozuntularına görə 1 vəkilə töhmət verilib, 1 vəkilə xəbərdarlıq edilib, 2 vəkil barəsində isə cərimə tədbiri tətbiq olunub.

Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər də müzakirə olunub və zəruri qərarlar qəbul olunub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!