Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Eldəniz Səlimovun dostları
03 Avq 2021 12:29
23416

Eldəniz Səlimovun dostları

Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputatların bəzilərinin nitqinə qulaq asanda nitqim qurudu. Eldəniz Səlimovun polis əməkdaşını döyməsi xəbərinin ilk yayıldığı günlərdə bu məsələ ilə bağlı heç kim danışmaq istəmirdi. Hansı deputata zəng vurub bu haqda açıqlama almaq istəyirdiksə, imtina edirdi. 

Bugünkü iclasda həmin deputatların bəzilərinin bülbül kimi cəh-cəh vurduğunu gördüm. Ad çəkməyəcəm. Sadəcə bir misal gətirəcəm. Deputatlarımızın bəziləri ümumiyyətlə, bu məsələdə adının çəkilməməsini istəsə də, bəziləri ən azından suala cavab vermişdilər. 

Hadisənin ilk günlərində, DİN, prokurorluq bu haqda açıqlama yaymazdan əvvəl millət vəkillərimizin biri bu münasibəti bildirmişdi: “Mənim hadisədən xəbərim yoxdur. İntizam Komissiyası parlamentdaxilidir. Hansısa deputat harada kiminlə savaşır, barışır, güləşir onun öz işidir. Axı bu məsələnin İntizam Komissiyasına aidiyyəti yoxdur. Məsələ bizə gələrsə, araşdırıb fikrimizi deyərik. Vəssalam”.

Bu gün - cəmi 4 gün sonra həmin deputatımız Milli Məclisin iclasında alovlu çıxış etdi: “Eldəniz Səlimovun polisə qarşı etdiyi hərəkət Milli Məclis adına ləkə oldu. Bu hadisə hamı üçün dərsdir”.

Və yaxud hadisə baş verən gün bu haqda ictimai xadimlərin birindən açıqlama istədik. O da imtina etdi. Dedi ki, mənim bu haqda danışmağım doğru olmaz. 

Üzərindən bir az keçəndən sonra DİN hadisə ilə bağlı rəsmi açıqlama yaydı və prokurorluğa müraciət etdi. Bundan sonra bilirsiniz nə oldu?

Həmin şəxs yenidən bizimlə əlaqə saxlayıb açıqlama vermək istədiyini bildirdi. Hətta xahiş etdi ki, yazıda qeyd edək ki, deputatların heç biri bu haqda danışmadığı halda bu məsələdən çəkinmədən, haqqı, ədaləti üstün tutması ilə fərqlənən filan ictimai xadim mövqeyini açıqladı. Həmin vaxtı da nitqim qurumuşdu.

Deputatlarımızdan biri isə Eldəniz Səlimovu “paqon yoldaşı” adlandıraraq danışmaq istəməmişdi.

Həmin günlərdə məsələyə hüquqi və obyektiv reaksiya verən yalnız deputat Fəzail Ağamalı oldu. Bütün sualları cavablandırdı, hüquqi dəyərləndirmə etdi. Kimsədən icazə və tapşırıq gözləmədən, ansanbla qoşulmadan.

O zaman Eldəniz Səlimov üçün hələ “umutlar” vardı. Ona görə də heç kim hadisələri qabaqlayıb özünü pis kişi etmək istəmirdi. İndi isə artıq bundan keçib. Kim istəsə qabırğasına döşəyə bilər.

“Pis kişi” olmaqdan qorxmaq lazım deyil. Qorxu insanı insanlıqdan çıxarır. Qorxu xarakteri məhv edir. Şəxsiyyət itirilir. 

Həqiqəti zamanında demək isə ən böyük gözəllikdir və üfunət iyi vermir, çiçək kimi ətir saçır.

Ətir saçanlardan olun…

Elnur MƏMMƏDLİ 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər