“Müasir dünyada sabitlik və təhlükəsizlik üçün çox ciddi təhdilər və çağırışlar yaranıb. Demək olar ki, əksər bölgələrdə toqquşmalar, müharibələr mövcuddur. İqtisadi və siyasi kataklizmlər bir-birini əvəzləyir. Bu reallıqlar fonunda BMT-nin ən mühüm funksiyalarından biri, sabitliyin, təhlükəsizliyin, rifahın və inkişafın təmin edilməsidir. Məsələyə bu məntiqlə yanaşdıqda, BMT-nın Ümumdünya Şəhərsalma Formunun 13-cü sessiyasının Azərbaycan paytaxtı Bakıda keçirilməsi çox mütərəqqi hadisədir”.
Bunu “Yeni Sabah”a açıqlamasında Milli Məclisin deputatı, professor Elman Nəsirov deyib.
O bildirib ki, Azərbaycan dəfərlərlə çox nəhəng və beynəlxalq tədbirlərə ev sahibliyi etməklə öz potensialını və inkişaf dinamikasını ortaya qoyub: pizza
“Bu, həm də Azərbaycanın dünyada baş verən acınacaqlı reallıqlar fonunda, əmin-amanlığa, dirçəlişə, inkişafa, quruculuğa verdiyi töhfənin ifadəsidir. Biz dəfələrlə bir çox nəhəng beynəlxalq tədbirlərə ev sahibliyi etməklə öz potensialmızı və inkişaf dinamikamızı ortaya qoymuşuq. Xatırlayırsınızsa, 1-ci Avropa Oyunları, 4-cü İslam Həmrəyliyi Oyunları, “Avroviziya” və 2024-cü ildə BMT-nin növbəti nəhəng tədbiri - COP29 Bakıda keçirildi. İqlim dəyişiklikləri ilə bağlı öz həllini gözləyən ən mürəkkəb və ağır problemlərlə bağlı sualların cavabı məhz Azərbaycan paytaxtında tapıldı. Bizdən sonra COP30 tədbiri Braziliyada keçirildi. BMT-nin bütün təşkilatçıları, həmçinin ayrı-ayrı ölkələrin təmsilçiləri təsdiqləyirlər ki, Azərbaycanda keçirilən analoji tədbirlə Braziliyada təşkil edilən sammit arasında yerlə-göy qədər fərq var. Ona görə də, beynəxalq aləmdə Azərbaycanın belə nəhəng tədbirlərə ev sahibliyi etmək baxımından unikal təcrübəsi yüksək səviyyədə dəyərləndirilir”.

E.Nəsirov vurğulayıb ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdəki quruculuq fəaliyyəti unikal təcrübə nümunəsidir:
“Azərbaycan WUF13-ə ev sahibliyi edərkən, yaxşı nümunələr də ortaya qoyur. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbəri Anar Quliyev öz müsahibəsində vurğuladı ki, ölkəmizdə 78 şəhərin baş planı artıq tamamilə yenilənib. 68 şəhərdə isə bu proseslər artıq başa çatıb. Daha 10 şəhərdə isə bu istiqamətdə işlər görülür. Biz, xüsusilə Qarabağ və Şərqi Zəngəzurun yenidənqurulması və bərpası istiqamətində unikal təcrübə nümayiş etdiririk. Bu təcrübənin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Formunda nümayiş etdirilməsi böyük əhəmiyyət kəsb edir. Bir daha bütün dünya görür ki, Azərbaycan inkişafda olan, sülhə, əmin-amanlığa, inkişafa töhfə verən dövlətdir”.
Deputat Naqif Həmzəyev isə diqqətə çatdırıb ki, Bakıdakı müzakirələr BMT Baş Assambleyasının iyulda Nyu-Yorkda keçirəcəyi aralıq icmalına töhfə verəcək:
“WUF13-ün Bakıda keçirilməsi qərarı Azərbaycanın beynəlxalq urbanizasiya proseslərinə töhfəsinin və etibarlı tərəfdaş kimi qazandığı etibarın bariz sübutu kimi dəyərləndirilir. Tədbir dünya liderləri, merlər, şəhərsalma mütəxəssisləri, hökumətlər, özəl sektor, vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirir. 2026-cı il Yeni Şəhər Gündəliyinin qəbulunun 10-cu ildönümüdür; Bakıdakı müzakirələr BMT Baş Assambleyasının iyulda Nyu-Yorkda keçirəcəyi aralıq icmalına töhfə verəcək. Bu o deməkdir ki, Bakıda aparılan diskussiyalar birbaşa qlobal siyasətin formalaşmasına təsir edəcək”.
Parlament üzvü həmçinin əlavə edib ki, mötəbər tədbirə lojistik hazırlıq ciddi institusional potensialın göstəricisidir:
“Olimpiya Stadionu böyük konfrans məkanına çevrilib. Nəqliyyat orqanları avtobus zolaqlarını genişləndirib elektrik nəqliyyatı parkını artırıb, polis isə təhlükəsizlik tədbirlərini və rəqəmsal monitorinq sistemlərini gücləndirib. Bu miqyaslı lojistik hazırlıq ciddi institusional potensialın göstəricisidir. "COP29-dan sonra WUF13". Bu məntiqli bir ardıcıllıqdır. Hər iki tədbirin ardıcıl olaraq Azərbaycanda keçirilməsi ölkənin, BMT sistemi ilə dərin əməkdaşlıq qurmağı, beynəlxalq təşkilatların etimadını qazanmağı, böyük miqyaslı tədbirləri idarə edə biləcək infrastruktura malik olduğunu nümayiş etdirir. Bu, şübhəsiz ki, imicə müsbət töhfədir”.
Qeyd edək ki, mayın 17-dən etibarən Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) öz işinə başlayıb. Forumun ilk günündə yeni təşəbbüs kimi Azərbaycanın sədrliyi ilə Yeni Şəhərsalma Proqramına dair nazirlər səviyyəsində görüş keçirilib. Bununla yanaşı, bu gün forum çərçivəsində müxtəlif assambleya sessiyaları, eləcə də əlavə tədbirlər təşkil olunacaq.
Xatırladaq ki, mayın 22-nə qədər davam edəcək foruma dünyanın 180 ölkəsindən 41000-dən çox iştirakçının qatılacağı gözlənilir.
MÖVZU: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi
Nazim Hacıyev
Telegram kanalımız