Cinsi istismar cinayətlərinə görə adı hallanan və 2019-cu ildə həbsxanada ölü tapılan amerikalı maliyyəçi Cefri Epşteynin gənc qadınlara model agentlikləri vasitəsilə əldə etdiyi üzə çıxıb.
“Yeni Sabah” BBC-nin araşdırmasına istinadən xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyinin açıqladığı sənədlərdə Epşteynin 2005-ci ildə “MC2 Model Management” Agentliyinə 1 milyon dollar ödədiyi göstərilir. Sənədlərə əsasən, həmin agentliyin 10 modeli Epşteyn 2008-ci ildə cinsi cinayətlərə görə məhkum edildikdən sonra da onunla görüşüb və ya əlaqə saxlayıb.
Araşdırmada adı çəkilən Roza adlı qadın 2009-cu ildə, 18 yaşında olarkən agentlik tərəfindən Epşteynin Floridadakı evinə fotosessiyaya göndərildiyini bildirib. Özbəkistandan ABŞ-yə köçən gənc qadının sözlərinə görə, o, həmin vaxt MC2 agentliyinin model siyahısında olub. Roza iki fotosessiyadan sonra Epşteynin köməkçisi kimi işləməyə başladığını və onun tərəfindən sistematik cinsi zorakılığa məruz qaldığını deyib. O, agentliyin rəhbərliyinin hara göndərildiyini bildiyini iddia edərək məsul şəxslərin cavab verməli olduğunu vurğulayıb. Qadının BBC-yə təqdim etdiyi sənəd isə ikinci fotosessiyadan sonra onun “Palm-Beach”a qayıdış biletinin həmin dövrdə agentliyin ABŞ bölməsinə rəhbərlik edən Ceff Fuller tərəfindən alındığını göstərir. Fuller daha əvvəl Rozanın Epşteynin evinə getməsindən xəbərsiz olduğunu bildirsə də, BBC-nin son suallarını cavablandırmayıb. Onlayn mağaza
Araşdırmada keçmiş model meneceri Remsi Elkholinin də adı çəkilir. BBC-nin əldə etdiyi məlumatlara görə, o, aralarında 18 yaşlı bir qadının da olduğu 34 nəfəri Epşteynlə tanış etməyə çalışıb. Həmin qadınlardan biri 19 yaşında olarkən Epşteynin Nyu-Yorkdakı evində onun cinsi təcavüzünə məruz qaldığını bildirib. Elkholi isə bu cinayətlərdən xəbərdar olduğu və ya onlara vasitəçilik etdiyi barədə iddiaları rədd edib.
BBC-yə danışan Şərqi Avropalı Simona adlı başqa bir qadın isə Epşteynin ona 200 dəfədən çox təcavüz etdiyini iddia edib. O bildirib ki, Epşteynlə tanış olanda 20 yaşı olub və Nyu-Yorkda model agentliklərindən biri ilə müqaviləsi olub. Simonanın sözlərinə görə, həmin vaxt dünyanın tanınmış model agentliklərindən olan “Next Management”in rəhbəri Feyt Keyts onu Epşteynlə tanış etməyi təklif edib. Qadın Keytsin ona estetik əməliyyat keçirməyi məsləhət gördüyünü, daha sonra isə cərrahın əlaqə məlumatlarını Epşteynə göndərdiyini iddia edib. Bundan sonra Epşteyn onu modellikdən uzaqlaşmağa razı salıb və özünə köməkçi kimi işləməyə başlayıb. Simona təxminən iki il ərzində cinsi zorakılığa məruz qaldığını və həyatının bütün sahələrinin Epşteyn tərəfindən idarə edildiyini söyləyib. Epşteynin 100-dən çox qurbanını təmsil edən vəkil Sigrid MakKouli isə model agentliklərinin gənc qadınların ona çatdırılmasında mühüm rol oynadığını bildirib.
Araşdırmadan sonra Nyu-York ştatının senatoru Zellnor Mayri Epşteynin cinayətlərinə vasitəçilik etdiyi iddia olunan şəxslərin araşdırılmasına imkan verəcək yeni qanun layihəsi hazırlayıb. Senatorun sözlərinə görə, Epşteynə model göndərən və onun fəaliyyətindən xəbərdar olan şəxslər də məsuliyyətə cəlb edilməlidir.
Aydan Hacı
Telegram kanalımız