Ev telefonları tarixə dönür...

saytların hazırlanması

Evə çatdırılma

Ev telefonları tarixə dönür...

Sosial

16 Fevral 2023 12:09 2496


Texnologiya dövrü inkişaf etdikcə, insanlar daha rahat, smart və komforta önəm verən texnoloji vasitələrdən istifadə etməyə üstünlük verirlər.

Smartfon dövrünün son 10 ildə fantastik inkişafı, bununla yanaşı, “WhatsApp” və “Telegram” kimi messencerlərin bazara daxil olaraq bu günə qədər hakimiyyəti əlində saxlaması artıq bu sahədə illərdir mövcud olan stasionar telefonların da tarixə qovuşmasına gətirib çıxardı.

Qeyd edək ki, hazırda şəhər telefonlarından istifadə miqyas olaraq çox aşağı düşüb. Əlimizdə konkret rəsmi statistika olmasa da, insanların ictimai fikirlərini nəzərə alaraq, deyə bilərik ki, ev telefonları öz aktuallığını itirib. pizza mizza

Tarixə ekskurs edəndə görürük ki, bir zamanlar gənc cütlüklərin saatlarla dəstəyin başında gözlədiyi telefon aparatlarından, yaxud metro çıxışlarında yerləşən taksafonlardakı növbələrdən bu gün əsər-əlamət qalmayıb.

Yəni dövr dəyişdikcə, keçmişimizdə möcüzə kimi qəbul etdiyimiz stastionar telefonlar – ev telefonları da artıq populyarlığını itirib. Doğrudur, bu tendensiya hələ ki bir neçə dövlət və özəl qurumlarda mövcuddur, lakin gözlənilən budur ki, stasionar telefonların da ömrü faks kimi bir müddət yekunlaşacaq.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan informasiya texnologiyaları (IT) üzrə mütəxəssis Elvin Abbasov da eyni rəyi bölüşüb.

O, qeyd edib ki, hazırda özəl və dövlət sektoruna xidmət göstərən bir sıra provayderlərin hər biri – “Azeronline”, “CityNet”, “AzEuroTel”və digər şirkətlər artıq fiber optik xətlərin üzərində paket xidmətlər də əlavə edib. 

Mütəxəssis aydınlaşdırıb ki, bunun içərisində həm IP telefoniya, həm IPTV, həm də internet təklifləri mövcuddur.

“Köhnə analoq xətlər isə artıq həm istismar dövrünü bitirib. Həm də onlar bir çox hallarda müxtəlif ekoloji vəziyyətdə öz keyfiyyətlərini itirib. Oradan gələn internet, yaxud telefon xəttinin keyfiyyəti isə kifayət qədər aşağı idi. Texnologiya yeniləndikcə isə artıq fiber optik internet təşəbbüsü almaqdadır” – söyləyib.

Müsahibimiz xatırladıb ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi öz üzərinə belə bir öhdəlik götürüb ki, 2024-cü ilə qədər Azərbaycanın ən ucqar kənd və rayonlarında belə artıq fiber optik internet olacaq:

“Fiber optikin gəlişi ilə birlikdə isə artıq stasionar telefonun texnologiyası da dəyişir, yəni IP telefoniyaya keçid olur. Bunun üçün isə əlavə xətlərə ehtiyac olmayacaq. Çünki evə gələn bir internet xətti üzərində həm IPTV, həm IP telefoniya, həm də internet – üçü bir paketdə əldə oluna biləcək”.

E. Abbasova görə, ev telefonlarına gəldikdə isə onlar artıq öz dövrlərini psixoloji olaraq bitirib:

“Sosial yönümlü baxsaq, artıq insanlar daha rahat və azad olmaq istəyirlər. Onlar hər hansı bir telefonun başında durub danışmaq istəmirlər, əksinə, yolda, yaxud hər hansı bir yerdə əlaqənin əlçatan olmasını istəyirlər. Bunun üçün də ev telefonları artıq kifayət qədər öz aktuallığını itirib”.

IT ekspert əmin edib ki, bu gün artıq ev telefonlarından heç söhbət də getmir:

“Ev telefonlarından sadəcə evdar xanımlar və ya idarələr məcburi şəkildə istifadə edirlər. O vaxtı faks deyə bir şey var idi həyatımızda. Amma indiki dövrdə “mail”lər olduğu üçün faks heç kimi maraqlandırmır. Yəni faksla hər hansı bir teleqramı vurmaq, yaxud iş aparmaq heç kimə maraqlı deyil və bu haqda bizə müraciət də etmirlər ki, biz faks haqqında münasibət bildirək”.

Mütəxəssis iddia edib ki, stasionar ev telefonları da artıq yavaş-yavaş öz aktuallığını itirir, lakin məcburiyyətlər hələ də var:

“Hansı ki, rayonlarda bəzi idarələrin istifadə etdiyi stasionar telefonlar var ki, onlar hələ də fəaliyyət göstərir. Amma bunlar da yavaş-yavaş öz həcmini azaldacaq. Yəni rəqəmsallıq və digital aləm həcmini artırdıqca, artıq analoq istifadə olunan texnologiyalar da yavaş-yavaş öz qüvvəsini itirir. Amma şüuraltı olaraq bu insanların öz seçimi deyil”.

“Məncə, stasionar telefon sistemi dövlət idarələrində aradan götürülməyəcək, lakin hazırda bir çox dövlət idarələrində artıq IP telefoniya var. Biz bilirik ki, bir çox “call center” və yaxud xidməti telefonlar nazirliklərdə IP telefoniya üzərində qurulub. Bundan əlavə, CDMA adlanan simsiz telefonların da artıq dövrü bitib. Səhv etmirəmsə, “Catel” bir zamanlar bu xidməti təklif edirdi, amma hazırda “Aztelekom” da bu xidməti verir. Bu texnologiya çoxdan mövcuddur, amma hazırda o da öz populyarlığını itirib”, – yekunlaşdırıb.

Rafi MÜSLÜMOV

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!