“Mövsümündə bir çox xanımlarımız müxtəlif qida məhsullarını ev şəraitində konservləşdirərək qışa tədarük edirlər. Lakin konservləşdirmə zamanı düzgün qaydalara əməl edilmədikdə, bu, qida zəhərlənməsinə, hətta zəhərlənmənin ən ağır formalarından biri olan botulizmə səbəb ola bilər. Botulizm isə bir çox hallarda ölümlə nəticələnir”.
Bu sözləri “Yeni Sabah”a “Qida Təhlükəsizliyi Hərəkatı”nın rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.
Onun sözlərinə görə, evdə turşu hazırlayarkən təzə və sağlam meyvə-tərəvəzlərdən istifadə etmək lazımdır: Bakıda online alış-veriş
“Ümumiyyətlə, konservləşdirmə zamanı meyvə və tərəvəzlər diqqətlə seçilməlidir. Keyfiyyətli, mövsümi və yerli məhsullardan istifadə etmək lazımdır. Əgər meyvə və tərəvəzlərin üzərində əzilmiş, çürümüş və ya xarab olmuş hissələr varsa, həmin məhsullardan istifadə etmək tövsiyə edilmir. Eyni zamanda, sanitar-gigiyenik qaydalara mütləq əməl olunmalıdır. İstifadə edilən qablar, xüsusilə şüşə bankalar düzgün sterilizasiya edilməlidir.
Məhsulların saxlanma şəraitinə və temperatur rejiminə də diqqət yetirilməlidir. Konservləşdirilmiş qidaları mümkün qədər qaranlıq və sərin yerdə saxlamaq lazımdır. Bəzən insanlar düşünürlər ki, məhsulların qaynar su ilə emal edilməsi onların tərkibindəki bütün mikroorqanizmləri məhv edir. Lakin sterilizasiya qaydalarına düzgün əməl olunmadıqda və ya meyvə-tərəvəzlərin üzərində torpaq qalıqları olduqda, həmin məhsullar təhlükəli hala gələ bilər”.
Ekspert bildirib ki, konservlər sərin yerdə saxlanmalı, qapağı şişən və suyu bulanıqlaşan bankalardan istifadə edilməməlidir:
“Konservləşdirilmiş məhsulları uzun müddət saxlayarkən bankaların qapaqlarının şişməməsinə xüsusi diqqət yetirilməlidir. Əgər bankanın qapağında şişkinlik varsa, məhsulun suyunda bulanıqlıq və ya çöküntü müşahidə olunursa, ondan istifadə etmək tövsiyə edilmir. Bu qaydalar sənaye üsulu ilə hazırlanmış konservləşdirilmiş məhsullara da aiddir. Lakin sənaye üsulu ilə hazırlanan məhsullarla ev şəraitində konservləşdirilən qidalar arasında müəyyən fərqlər var. Belə ki, sənaye istehsalında məhsulun saxlanma müddətini uzatmaq üçün müəyyən konservantlardan istifadə oluna bilər. Bu məhsullar xüsusi texnoloji və sanitar tələblərə uyğun hazırlandığından, düzgün istehsal və saxlanma şəraitində zəhərlənmə riski daha aşağı olur. Bununla belə, məhsul alarkən bankanın qapağının şişmədiyinə, məhsulun təzə olduğuna və son istifadə müddətinin bitmədiyinə diqqət etmək lazımdır.
Xüsusilə metal qablarda satılan balıq, ət və digər heyvan mənşəli konservləşdirilmiş məhsullarla bağlı diqqətli olmaq vacibdir. Belə məhsulların qabı açıldıqdan sonra dərhal istifadə edilməsi tövsiyə olunur. Əgər məhsulun hamısı istifadə edilməyəcəksə, onu açıq metal qabda saxlamaq olmaz. Qalıq məhsul şüşə qaba keçirilməli, qapağı bağlanmalı və soyuducuda saxlanılmalıdır. Mümkün qədər kiçik həcmli qablar almaq daha məqsədəuyğundur ki, məhsul açıldıqdan sonra uzun müddət saxlanmağa ehtiyac qalmasın”.
Onun sözlərinə görə, konservlər təzə meyvə-tərəvəzi əvəz etmir. Xüsusilə uşaqlar, yaşlılar və səhhətində problem olanlar bu qidalardan istifadə edərkən ehtiyatlı olmalıdırlar:
“Diqqət yetirilməli digər məqam isə məhsulun üzərindəki məlumatlardır. Son istifadə müddəti bitməsə belə, qabda şişkinlik varsa, xüsusilə metal bankanın vəziyyətində dəyişiklik müşahidə olunursa və ya etiket məlumatları tam qeyd edilməyibsə, həmin məhsulu almaq olmaz. Etiketdə istehsalçı şirkət, əmtəə nişanı, məhsulun tərkibi, xalis çəkisi və saxlanma şəraiti barədə məlumatlar göstərilməlidir.
Metal qablarda satılan balıq, ət və digər konservləşdirilmiş məhsulların son istifadə tarixi birbaşa metal qabın üzərində qeyd edilməlidir. Əgər tarix metalın üzərində deyil, sonradan yapışdırılmış kağız etiketdə göstərilibsə, belə məhsullara da ehtiyatla yanaşmaq lazımdır.
Ümumiyyətlə, meyvə və tərəvəzləri mövsümündə, xüsusilə də yerli məhsullardan istifadə etməklə istehlak etmək daha faydalıdır. Azərbaycan ilboyu müxtəlif meyvə və tərəvəzlərlə zəngin ölkədir. Konservləşdirilmiş məhsullar istilik emalına məruz qaldığından onların tərkibindəki bəzi vitamin və mineralların miqdarı azala bilər. Buna görə də bu məhsullar təzə meyvə və tərəvəzləri tam əvəz etmir.
Xüsusilə allergik reaksiyalara meyilli, immun sistemi zəif olan, azyaşlı, yaşlı və xroniki xəstəliklərdən əziyyət çəkən insanlar konservləşdirilmiş məhsullardan istifadə edərkən daha diqqətli olmalıdırlar. Çünki keyfiyyətsiz və ya düzgün saxlanılmamış konservlər bu şəxslərdə müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız