Evdən çıxmadan həll etmək mümkün olacaq -   Notariusa getməyə ehtiyac qalmır

saytların hazırlanması

Evə çatdırılma

Evdən çıxmadan həll etmək mümkün olacaq - Notariusa getməyə ehtiyac qalmır

Sosial

05 Oktyabr 2026 16:44 150


Vətəndaşların notariat xidmətlərindən elektron qaydada yararlanması üçün “mygov” platformasında Ədliyyə Nazirliyinin xidmətlərinin əhatə dairəsi genişləndirilib.

“Yeni Sabah” xəbər verir ki, artıq vətəndaşlar daşınmaz əmlakla bağlı bir sıra səlahiyyətləri digər şəxslərə həvalə etmək, ərizələri elektron qaydada rəsmiləşdirmək, vərəsəlik işləri üzrə etibarnamə vermək və digər notariat xidmətlərindən “mygov” vasitəsilə istifadə edə bilərlər.

Belə ki, “Daşınmaz əmlaka sərəncam etibarnaməsinin verilməsi” xidməti vasitəsilə əmlakın özgəninkiləşdirilməsi, ipotekaya verilməsi və digər sərəncam əməliyyatları üzrə səlahiyyətlər digər şəxsə həvalə edilə bilər. pizza mizza

“Daşınmaz əmlaka sərəncam ərizəsi” xidməti isə mülkiyyətçinin daşınmaz əmlak üzərində müəyyən hüquq və səlahiyyətlərin digər şəxsə ötürülməsinə razılığını elektron qaydada rəsmiləşdirməyə imkan verir.

Bundan əlavə, “Yaşayış sahəsində qeydiyyata alınma ərizəsi” xidməti ilə mülkiyyətçi digər şəxsin həmin ünvanda qeydiyyata alınmasına razılığını “mygov” üzərindən elektron qaydada təsdiqləyə bilər.

“Vərəsəlik etibarnaməsinin verilməsi” xidməti vasitəsilə isə vərəsəlik işləri üzrə sənədlərin toplanması və miras əmlakın rəsmiləşdirilməsi ilə bağlı səlahiyyətlər digər şəxsə elektron qaydada həvalə olunur.

Platformaya müxtəlif məzmunlu ərizələrin elektron qaydada rəsmiləşdirilməsinə imkan verən “Sərbəst məzmunlu ərizə” və “Ərizədən imtina ərizəsi” xidmətləri də inteqrasiya edilib. Birinci xidmət vasitəsilə vətəndaş notariat ərizələri kimi təqdim olunmayan digər ərizə növləri ilə bağlı müraciət göndərə, ikinci xidmətlə isə daha əvvəl təqdim etdiyi ərizədən elektron qaydada imtina edə bilər.

Həmçinin güzəştli və ya ödənişsiz dərman vasitələrinin vətəndaşın etibar etdiyi digər şəxs tərəfindən əldə olunması üçün “Dərmanların alınması üçün etibarnamənin verilməsi” xidməti də “mygov”a əlavə edilib.

Qeyd olunan xidmətlər üzrə müraciətlər notariat qaydasında rəsmiləşdirilir. Vətəndaşlar xidmətlərdən həm “mygov” portalı, həm də mobil tətbiq vasitəsilə istifadə edə bilərlər.

Bununla da Ədliyyə Nazirliyinin müxtəlif həyat hadisələri üzrə 5, notariat fəaliyyəti ilə bağlı 16 xidməti, həmçinin tərcümə və fiziki şəxslərə aid icra işləri barədə məlumatların təqdim edilməsi xidmətləri “mygov” platformasına inteqrasiya olunub.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!