Xalq artisti Eyyub Yaqubovun üç gün davam edən konsert proqramı iyulun 6-da möhtəşəm şəkildə başa çatdı. Tamaşa boyu səhnədə təkcə musiqi deyil, maraqlı səhnəciklər, rəqslər, xatirələr və duyğusal anlar da yaşandı
"Yeni Sabah" xəbər verir ki,Konsert "Bakı" mahnısı ilə başladı. Mahnının ilk sədaları səslənən kimi zalda tam fərqli bir ab-hava yarandı. Tamaşaçıların bir çoxu gözlərini yumaraq sadəcə musiqidən zövq alır, Eyyub Yaqubovun həzin səsinə qulaq asırdı. Zaldakı sakitlik o qədər təsirli idi ki, insanlar musiqinin sehrini pozmamaq üçün mahnı bitənədək alqış belə etmirdi.
İlk ifadan sonra maraqlı səhnəcik nümayiş olundu və bu, konsert boyu davam edən teatrlaşdırılmış proqramın başlanğıcı oldu. Toyuqlu pizza
Konsertin ən duyğulu anlarından biri isə "Ana" mahnısının səsləndirilməsi idi. Böyükdən kiçiyə hər kəs bu ifanı kövrələrək dinlədi. Salonda göz yaşlarını saxlaya bilməyən tamaşaçılar az olmadı.
Eyyub Yaqubov ifalar arasında uşaqlıq illərindən, Bayılda keçən günlərindən, məktəb xatirələrindən danışırdı. Daha sonra həmin xatirələrin davamı kimi "Bayıl" mahnısını səsləndirdi. Səmimi söhbətləri konserti adi musiqi gecəsindən daha çox dostlarla keçirilən xoş bir görüşə çevirirdi.
Sənətkar idealının Vaqif olduğunu da tamaşaçılarla bölüşdü. Atasının həkim olmasından danışan Eyyub Yaqubov zarafatla onun həm həqiqi, həm də məcazi mənada insanları "rentgen etdiyini" söylədi. Atasının dostları və onların taleləri ilə bağlı xatirələri də tamaşaçılar tərəfindən maraqla qarşılandı.
Konsert boyu proqram maraqlı süjet xətti üzərində qurulmuşdu. Səhnədə əməkdaşın tez-tez gəlib Eyyub Yaqubovu axtarması, onun isə müxtəlif obrazlara girərək mahnılar vasitəsilə "gizlənməsi" tamaşaçılarda həm gülüş, həm də maraq doğururdu.
Proqram zamanı Nəsimi və Füzulinin əsərlərindən parçalar səsləndirildi, həmçinin Çaykovskinin yaradıcılığı haqqında maraqlı fikirlər bölüşüldü.
Konsertə "Naz" qrupunun qızlarının çıxışı xüsusi rəng qatdı. Onların rəqsləri və ifaları səhnəyə estetik gözəllik gətirirdi. Qızların oxuduğu bəzi mahnıları isə pianoda Eyyub Yaqubov özü müşayiət edirdi ki, bu da tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.
Daha sonra digər rəqs kollektivlərinin oğlan və qız üzvləri xarici musiqilər səsləndirərək səhnəyə tamam fərqli enerji gətirdilər. Qızlar mahnılar ifa edir, oğlanlar isə dinamik rəqsləri ilə proqramı daha da rəngarəng edirdi. Demək olar ki, hər mahnıya uyğun hazırlanmış səhnəciklər, maraqlı dialoqlar və fərqli rəqs nömrələri konsertin tempini daim yüksək saxlayırdı. Tamaşaçıların darıxmağa bir an belə vaxtı olmadı.
Axşamın ən yaddaqalan anlarından biri isə "Yağış yağır" mahnısı zamanı yaşandı. Tamaşaçılar telefonlarının işıqlarını yandıraraq ifaya qoşuldular və zal möhtəşəm mənzərəyə büründü.
Sənətkar çıxışı zamanı kliplərinin dostları tərəfindən çəkildiyini, hətta bəzi kliplərində öz dostlarının da rol aldığını söylədi.
Konsert boyunca Eyyub Yaqubov təkcə mahnılar oxumurdu. O, hər ifadan sonra həyat təcrübələrini bölüşür, gənclərə müxtəlif məsləhətlər verir, yaşadığı hadisələri səmimi şəkildə danışırdı. Elə bu səmimiyyət də üç gün davam edən konsert proqramını tamaşaçıların yaddaşında uzun müddət qalacaq musiqi və duyğu gecəsinə çevirdi.
Aytəkin Əzizqızı
Telegram kanalımız