Prezident İlham Əliyev Mirhəsən Mirheydər oğlu Seyidovu Neftçala Rayon İcra Hakimiyyətinə, Nahid Rza oğlu Bağırovu isə İsmayıllı Rayon İcra Hakimiyyətinə başçı təyin edib.
Yenisabah.az yeni başçıların tərcümeyi-halını təqdim edir:
Mirhəsən Seyidov 15 iyul 1989-cu ildə Sumqayıt şəhərində anadan olub.1995-ci ildən etibarən 287 saylı “Zəkalar” litseyində təhsil almağa başlayıb. 2006-cı ildə orta məktəbi bitirib. Elə həmin il Azərbaycan Universitetinin Vergi və Vergitutma fakültəsinə yüksək göstərici ilə daxil olub. 2010-cu ildə ali təhsilin bakalavr pilləsini bitirib. Təhsilini davam etdirən MirHəsən Seyidov 2012-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq biznes MBI magistr dərəcəsi əldə edib. 2010 -2011-ci illər ərzində hərbi xidmətini başa vurmuşdur. Marqarita pizza
İctimai fəaliyyətinə 2005-ci il iyun ayında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında başlayıb.
2006-cı il yanvar ayından etibarən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ)–da Regionlarla iş üzrə departament sədri vəzifəsini icra edib və region layihələrinin idarə olunması, yerli gənclər və idman idarələri ilə iş,yerli təhsil idarələri-universitet və məktəblərdə layihələrin keçirilməsi, region hesabatların hazırlanması kimi işləri həyata keçirib.
2007-ci il iyul ayından eyni təşkilatda Layihələrlə iş üzrə departament sədri kimi fəaliyyət göstərib.
2009-cu il may ayından Dünya Türk Gəncləri Birliyində Azərbaycan nümayəndə heyətinin rəhbəri seçilib.
Həmin ilin dekabr ayından etibarən isə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ)-da baş katib müavini olaraq ictimai fəaliyyətinə davam edib.
2012-ci ilin fevral ayından başlayaraq Avroviziya Mahnı Müsabiqəsinin Azərbaycandakı rəsmi Fan Klubuna rəhbərlik edib.
2012-ci il İyul ayında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında sədr müavini vəzifəsində çalışıb.
2014-cü il 27 iyun tarixindən etibarən isə “İRƏLİ” İctimai Birliyinin sədri seçilib.
2015-ci il 29 may tarixində Azərbaycan Respublikasının Milli Məclisinin "İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 17.2-17.4-cü və 17.6-cı maddələrinə əsasən İctimai TV (Azərbaycan) 6 il müddətinə Yayım Şurasının üzvü seçilib.
2007-ci ildən başlayaraq 35-ə yaxın xarici ölkədə keçirilən beynəlxalq tədbirlərdə, o cümlədən Avropa Parlamenti, Avropa Şurası, Birləşmiş Millətlər Təşkilatlarının Uşaq Fondu (UNICEF), Avropa İttifaqının, Avropa Gənclər Forumu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP), Avropa Gənclər Fondunun bir çox tədbirlərində Azərbaycanı təmsil edib.
MirHəsən Seyidov 2 fevral 2017-ci il Gənclər günü münasibətilə Azərbaycan Respublikası Konstitusiyasının 109 -cu maddəsinin 32-ci bəndinə əsasən ictimai fəaliyyət sahəsində fərqləndiyinə görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən mükafatlandırılıb.
2017 -ci il 4 mart tarixində Prezident İlham Əliyev tərəfindən verilmiş sərəncama əsasən Azərbaycan Gənclər Fondunun Müşahidə Şurasının üzvü təyin edilib.
2017 – ci il 21 sentyabr tarixindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Müşahidə Şurasının üzvüdür. 2018-ci ilin 8 yanvarından etibarən MirHəsən Seyidov Azərbaycan Milli Karate Federasiyasının baş katibi vəzifəsinə, 2019-cu ilin 13 oktyabr tarixindən etibarən Türk Şurası Gənclər Platformasının Prezidenti vəzifəsinə təyin olunub.
2019 - cu ilin 22 oktyabr tarixindən etibarən isə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi İctimai Şura üzvü vəzifəsinə təyin olunub. Prezident İlham Əliyev Nahid Rza oğlu Bağırov İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı təyin edib.
Nahid Rza oğlu Bağırov isə 4 Aprel, 1979-cu ildə Bakı şəhərində anadan olub. Orta təhsili 242 və 151 saylı məktəblərdə alıb.
1998-2000-ci illlərdə Bakı şəhəri Sabunçu rayon məhkəməsində katib vəzifəsində çalışıb.
1999-cu ildə Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakültəsini bitirib.
2000-2001-ci illərdə N nömrəli hərbi hissədə hərbi xidmətdə olub.
2001-2005-ci illərdə “Sir” hüquq şirkətinin vitse-prezidenti vəzifəsində çalışıb.
2006-cı ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq Fakültəsini bitirib.
2009-cu ildən Azərbaycan Turizm Assosiasiyasının idarə heyətinin sədri olub.
2011-2013-cü, 2013-2015-ci və 2015-2017-ci illərdə Birləşmiş Millətlər Təşkilatı nəzdində Ümumdünya Turizm Təşkilatının (UNWTO) Qoşulan üzvlər şurasının Avropa üzrə vitse-prezidenti seçilib.
2014-cü ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm sahəsində fərqləndiyinə görə ”Fəxri Turizm İşçisi“, 2018-ci ildə Mülki Aviasiya Administrasiyası tərəfindən “Fəxri Aviasiya İşçisi” adına layiq görülüb.
2018-ci ildə Azərbaycan Sahibkarlar Təşkilatları Konfederasiyasının (ASK) idarə heyətinin üzvü seçilib.
2018-ci ildə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında yaradılan İctimai şuranın sədr müavini təyin edilib.
2019-cu ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycan Respublikasının iqtisadi inkişafına verdiyi töhfəyə və sahibkarlığın genişləndirilməsi ilə bağlı dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Ailəlidir, iki övladı var.
Telegram kanalımız