Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olan müraciətlər arasında heyvanların identifikasiyası sistemi ilə bağlı suallar üstünlük təşkil edir. Vətəndaşları maraqlandıran əsas məsələlərdən biri bu sistemin tətbiqinin məqsədi və onun fermerlər, eləcə də istehlakçılar üçün yaratdığı üstünlüklərdir.
"Yeni Sabah" xəbər verir ki, heyvanların identifikasiyası hər bir heyvana unikal identifikasiya nömrəsinin verilməsi və həmin heyvan barədə məlumatların vahid informasiya sistemində qeydiyyata alınmasını nəzərdə tutur. Bu məlumatlara heyvanın sahibi, saxlanıldığı təsərrüfat, aparılmış peyvənd və müalicə tədbirləri, həmçinin digər baytarlıq məlumatları daxildir.
Identifikasiya sistemi yoluxucu heyvan xəstəliklərinin erkən aşkarlanmasına, onların yayılmasının qarşısının alınmasına, epizootik vəziyyətə operativ nəzarətin təmin edilməsinə və baytarlıq tədbirlərinin daha səmərəli planlaşdırılaraq həyata keçirilməsinə imkan yaradır. pizza
Sistem fermerlər üçün də mühüm üstünlüklər yaradır. Belə ki, identifikasiya olunmuş heyvanın itməsi və ya oğurlanması hallarında identifikasiya nişanı heyvanın sahibinin müəyyən edilməsini asanlaşdırır və zərurət yarandıqda hüquqi sübut kimi istifadə oluna bilir. Bununla yanaşı, heyvanların qeydiyyatının aparılması təsərrüfatlarda uçotun dəqiq təşkilinə, heyvanların hərəkətinin izlənilməsinə və baytarlıq xidmətlərinin daha səmərəli göstərilməsinə şərait yaradır.
Heyvanların identifikasiyası istehlakçılar üçün də mühüm əhəmiyyət daşıyır. Bu sistem vasitəsilə heyvan mənşəli qida məhsullarının istehsal zəncirinin "Fermadan süfrəyədək" izlənilməsi mümkün olur. Nəticədə məhsulun mənşəyini müəyyən etmək, qida təhlükəsizliyini təmin etmək və zərurət yarandıqda risk daşıyan məhsulları operativ şəkildə dövriyyədən çıxarmaq mümkün olur. Bu isə istehlakçıların sağlamlığının qorunmasına və qida məhsullarına olan etimadın artırılmasına xidmət edir.
Telegram kanalımız