Hindistan və Pakistan arasında yeni diplomatik gərginlik yaranıb.
“Yeni Sabah” xəbər verir ki, sentyabrın 15-də Oman dənizində iki ölkəyə məxsus hərbi gəmilərin toqquşmasından sonra tərəflər qarşılıqlı etiraz notası təqdim ediblər.
Pakistan “SEASPARK-26” hərbi təlimləri zamanı Hindistan gəmisinin özünün müstəsna iqtisadi zonasında təhlükəli manevrlər etdiyini bildirib. Hindistan isə hadisənin beynəlxalq sularda baş verdiyini və Pakistan gəmisinin “peşəkarlıqdan uzaq” davrandığını iddia edib. Hər iki ölkə qarşı tərəfin diplomatını çağıraraq etirazını bildirib. Toyuqlu pizza
İki nüvə dövlətinin münasibətlərindəki gərginliyin kökləri 1947-ci ilə gedib çıxır. Böyük Britaniyanın müstəmləkə idarəçiliyinin başa çatmasından sonra Hindistan və Pakistan müstəqil dövlət kimi formalaşıb. Lakin müsəlmanların çoxluq təşkil etdiyi Kəşmirin statusu iki ölkə arasında ilk müharibəyə səbəb olub.
1947-1948-ci illərdə baş verən müharibə nəticəsində Kəşmir faktiki olaraq iki hissəyə bölünüb. 1965-ci ildə isə bölgənin statusu ilə bağlı mübahisə ikinci böyük müharibəyə gətirib çıxarıb.
1971-ci ildə tərəflər arasında üçüncü böyük müharibə baş verib. Bu dəfə əsas qarşıdurma Şərqi Pakistanda yaşanıb. Hindistanın bölgədəki müstəqillik hərəkatına müdaxiləsindən sonra iki ölkə birbaşa müharibəyə cəlb olunub. Həmin il dekabrın 16-da Pakistan qüvvələrinin Dəkkədə təslim olmasından sonra Şərqi Pakistan müstəqil Banqladeş dövlətinə çevrilib.
1998-ci ildə Hindistan və Pakistanın nüvə sınaqları keçirməsi iki ölkə arasındakı qarşıdurmanı daha təhlükəli mərhələyə daşıyıb. Bundan təxminən bir il sonra, 1999-cu ildə Kəşmirdə Kargil müharibəsi baş verib. Kontrol xətti ətrafındakı qarşıdurma nüvə silahına malik iki dövlət arasında ən ciddi hərbi böhranlardan biri kimi tarixə düşüb.
2025-ci ildə isə Hindistan və Pakistan arasında daha bir ciddi hərbi qarşıdurma yaşanıb. Aprelin 22-də Hindistanın nəzarətində olan Kəşmirdə 26 nəfərin öldüyü hücumdan sonra Yeni Dehli Pakistan ərazisindəki hədəflərə hava zərbələri endirib. Pakistan hücumla əlaqəsini rədd edib və hərbi cavab verib.
Mayın 7-dən 10-dək davam edən dörd günlük qarşıdurmada döyüş təyyarələri, raketlər və dronlardan istifadə olunub. Atəşkəs döyüşləri dayandırsa da, Kəşmir məsələsi, su ehtiyatlarının bölüşdürülməsi və diplomatik münasibətlərdəki problemlər tam həll olunmayıb.
Son hadisə isə iki ölkə arasında onilliklərdir davam edən gərginliyin yenidən gündəmə gəlməsinə səbəb olub.
Aydan Hacı
Telegram kanalımız