Məktəblər nəşriyyatlar üçün bazara çevirilib? – Testlər, iş dəftərləri...

saytların hazırlanması

Evə çatdırılma

Məktəblər nəşriyyatlar üçün bazara çevirilib? – Testlər, iş dəftərləri...

Sosial

18 Sentyabr 2026 12:11 272


“Məsələ yalnız test kitabının neçə manata satılması deyil. Əsas məsələ odur ki, keyfiyyətli təhsil resursuna çıxış ailənin gəlirindən asılı olmasın”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında iqtisadçı ekspert Bella Bəşirova bildirib. Onun sözlərinə görə, əlavə dərs vəsaitlərinin və test toplularının qiymətini yalnız kağız və çap xərcləri ilə izah etmək düzgün olmaz:

“Burada bir neçə amil eyni vaxtda təsir göstərir: kağızın, çapın, dizaynın, müəllif əməyinin, redaktə və nəşriyyat xərclərinin, logistikanın və satış kanallarının qiyməti. Pepperoni pizza

Amma digər mühüm amil tələbin səviyyəsidir. Xüsusilə yuxarı siniflərdə və buraxılış və qəbul imtahanlarına hazırlıq mərhələsində valideyn və şagirdlərin test və əlavə vəsaitlərə tələbi artır. Tələb artdıqda isə bazar qiymətləri də yüksələ bilər.

Ona görə də sinif yüksəldikcə qiymətin artmasını yalnız “kağız daha çox istifadə olunur” kimi izah etmək düzgün deyil. Burada həm məhsulun hazırlanma xərci, həm də həmin vəsaitə olan tələbin yüksək olması rol oynayır.

Burada bir məqama da diqqət yetirmək lazımdır: ümumi təhsil məktəblərində dövlət tərəfindən maliyyələşdirilən dərsliklər şagirdlərə pulsuz təqdim olunur. Lakin kommersiya nəşriyyatlarının əlavə vəsaitləri ayrıca bazar məhsuludur. Burada əsas məsələ bir vəsaitin qiymətindən daha çox, həmin xərclərin il ərzində məcmu şəkildə ailə büdcəsinə təsiridir.

Məsələn, bir ailədə iki və ya üç məktəbli uşaq varsa, hər uşağa bir neçə fənn üzrə əlavə vəsait, test toplusu və iş dəftəri alındıqda, ayrı-ayrılıqda böyük görünməyən məbləğ ümumi hesabda ciddi rəqəmə çevrilə bilər.

Xüsusilə çoxuşaqlı və gəliri məhdud ailələr üçün bu, təhsillə bağlı əlavə maliyyə yükü yaradır. Dövlət dərslikləri pulsuz təqdim etsə də, valideyn əlavə vəsaitləri övladının daha yaxşı hazırlaşması üçün zəruri hesab edə bilər”.

Ekspert qeyd edib ki, iqtisadi baxımdan burada “məcburiyyət” anlayışına da diqqətlə yanaşmaq lazımdır:

“Əlavə test toplusu hüquqi baxımdan dövlət dərsliyi kimi məcburi məhsul deyil. Lakin əgər valideyn və şagird onu təhsil prosesində və ya imtahana hazırlıqda faktiki zəruri hesab edirsə, bu artıq ailə büdcəsində əlavə təhsil xərci yaradır.

Dövlət Statistika Komitəsinin ev təsərrüfatları statistikası da ailələrin gəlir və istehlak xərclərinin, o cümlədən uşaqların sayına görə müxtəlif ev təsərrüfatlarının vəziyyətinin ayrıca təhlil edildiyini göstərir.

Ona görə mən hesab edirəm ki, məsələ yalnız kitabın qiyməti kimi deyil, ailənin ümumi təhsil xərcləri kontekstində qiymətləndirilməlidir. Mən bu sahədə birbaşa qiymət tavanının tətbiq edilməsinə ehtiyatla yanaşardım. Çünki əlavə dərs vəsaitləri kommersiya məhsuludur və qiymətə nəşrin keyfiyyəti, müəlliflik, çap texnologiyası və digər xərclər təsir edir. Qiymətin inzibati şəkildə məhdudlaşdırılması bəzi hallarda bazarda məhsul çeşidinə və nəşriyyatların fəaliyyətinə mənfi təsir göstərə bilər.

Məncə, daha effektiv istiqamətlərdən biri rəqəmsal təhsil resurslarının genişləndirilməsidir.

Məsələn, dövlət və ya təhsil qurumlarının yaratdığı keyfiyyətli, kurikuluma uyğun, pulsuz elektron test bankları, mövzu üzrə tapşırıqlar, interaktiv materiallar və sınaq imtahanları valideynlərin əlavə xərcini əhəmiyyətli dərəcədə azalda bilər.

Bu, eyni zamanda bazarda rəqabəti də gücləndirər. Ödənişli nəşriyyatlar öz məhsullarını yalnız “məcburiyyət” üzərindən deyil, keyfiyyət, metodika və əlavə fayda hesabına təqdim etməyə çalışarlar.

Mənim fikrimcə, ən optimal yanaşma üç istiqamətin paralel aparılmasıdır: birincisi, keyfiyyətli pulsuz elektron resursların artırılması; ikincisi, valideyn üçün qiymət və məhsul barədə şəffaf məlumatın təmin edilməsi; üçüncüsü isə bazarda sağlam rəqabət mühitinin qorunması.

Beləliklə, məqsəd sadəcə qiyməti aşağı salmaq deyil, uşağın keyfiyyətli təhsil resursuna çıxışını ailənin gəlirindən mümkün qədər az asılı vəziyyətə gətirmək olmalıdır”.

Cəlalə Cəlalqızı 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!