Payızda həyət evi almaq istəyənlər üçün evin yalnız görünüşünə və qiymətinə baxmaq kifayət etmir. Yağışlı və sərin havalarda üzə çıxan bəzi problemlər ev alındıqdan sonra ciddi xərcə səbəb ola bilir.
Bəs həyət evi alarkən hansı gizli problemlərə diqqət etmək lazımdır?
Mövzu ilə bağlı “Yeni Sabah”a danışan əmlak məsələləri üzrə ekspert Anar Nəsirov bildirib ki, həyət evlərində bəzi ciddi problemlər yalnız yağışlı və soyuq havalarda üzə çıxır: Pepperoni pizza
“Həyət evləri və torpaq sahələri əsasən yaz və yay aylarında alınır. İnsanlar bu əmlakları daha çox havaların isti və quraq olduğu dövrdə seçirlər. Bu zaman yağış, palçıq və su ilə bağlı problemlər çox vaxt özünü göstərmir. Lakin payız və qış aylarında, xüsusilə də əmlak düzgün seçilmədikdə ciddi problemlər ortaya çıxa bilər.
Vətəndaşlar həyət evi və ya torpaq sahəsi alarkən bir sıra mühüm meyarlara xüsusi diqqət etməlidirlər. Bəzən insanlar əmlak seçərkən yalnız onun kosmetik görünüşünə, təmirinə və xarici gözəlliyinə fikir verirlər. Əslində isə ilk növbədə əmlakın yerləşdiyi ərazi, texniki vəziyyəti və sənədləri araşdırılmalıdır. Həyət evi və torpaq sahəsi alarkən ən vacib məsələlərdən biri ərazinin yerləşmə xüsusiyyətidir. Normadan artıq yağıntılar bir sıra ərazilərdə evlərin su basmasına və zərər görməsinə səbəb olur. Buna görə də vətəndaş ilk növbədə almaq istədiyi əmlakın və torpaq sahəsinin su basma riskinin olub-olmadığını araşdırmalıdır. Bununla bağlı həmin ərazidə yaşayan qonşulardan məlumat almaq, aidiyyəti qurumlara müraciət etmək və bu sahəni yaxşı bilən mütəxəssislərin rəyindən yararlanmaq mümkündür”.
Ekspert həyət evi alarkən kanalizasiya sisteminin vəziyyətinin də mütləq araşdırılmasını tövsiyə edib:
“Bundan başqa, alınacaq həyət evinin və torpaq sahəsinin mərkəzləşdirilmiş kanalizasiya sisteminə qoşulub-qoşulmadığı da əvvəlcədən öyrənilməlidir. Ərazidə kanalizasiya sistemi yoxdursa, yağış sularının lazımi şəkildə axıdılmaması yollarda və həyətlərdə su yığılmasına, nəticədə isə suyun evlərə dolmasına səbəb ola bilər. Bundan sonra evin texniki xüsusiyyətləri araşdırılmalıdır. Vətəndaş evin tikinti normalarına uyğun inşa edilib-edilmədiyini mütləq yoxlamalıdır. Mənzilin kosmetik görünüşü ən son diqqət yetirilməli məsələlərdən biridir. Çünki divarların rənglənməsi, kafel, boya və digər təmir işlərini sonradan dəyişmək və yeniləmək mümkündür. Lakin evin tikinti normalarına uyğun inşa edilməməsi gələcəkdə daha böyük xərclərə, hətta binanın çökməsi və ya sökülməsi riskinə səbəb ola bilər.

İlk növbədə evin yer səviyyəsindən nə qədər hündürdə tikildiyinə baxmaq lazımdır. Torpaq səviyyəsində və ya cəmi 5-10 santimetr hündürlükdə tikilən evlərin su basma riski daha yüksəkdir. Xüsusilə qrunt sularının səthə yaxın olduğu, torpağın suötürmə qabiliyyətinin zəif olduğu ərazilərdə az miqdarda yağıntı belə su basmasına səbəb ola bilər.
Belə ərazilərdə evin yer səviyyəsindən ən azı 1-1,5 metr hündürdə tikilməsi məqsədəuyğundur. Bu, yağıntı və qrunt sularının evə daxil olması riskini azaltmağa kömək edir”.
O, evin fundamentinin mütəxəssis tərəfindən yoxlanılmasının vacibliyini də vurğulayıb:
“Digər mühüm məsələ evin fundamentidir. Vətəndaş evin düzgün fundament üzərində tikilib-tikilmədiyini araşdırmalıdır. Fundament düzgün qurulmadıqda gələcəkdə evdə çatların yaranması, çökmə, sınma və hətta uçma təhlükəsi yarana bilər. Bunun müəyyən edilməsi üçün mütəxəssisin köməyindən istifadə etmək daha məqsədəuyğundur. Evin layihəsinə uyğun fundamentin olub-olmaması da yoxlanılmalıdır. Bundan başqa, evin hansı materialdan, məsələn, kərpicdən və ya daşdan tikildiyi, eləcə də kürsü ilə evin arasında beton kəmərin olub-olmaması araşdırılmalıdır.
Evin üst hissəsində də beton-armatur kəmərin olub-olmaması mühüm məsələlərdəndir. Bu konstruktiv elementlər evin dayanıqlığı baxımından əhəmiyyət daşıyır. Ona görə də ev alınmazdan əvvəl bu məsələlər mütəxəssis tərəfindən yoxlanılmalıdır”.
A.Nəsirov bələdiyyə sənədləri ilə bağlı risklərə xüsusi diqqət çəkib:
“Vətəndaşlar əmlakın sənədlərinə də xüsusi diqqət yetirməlidirlər. Əmlakın qadağan olunmuş və ya tikinti aparılması məhdudlaşdırılan ərazidə yerləşib-yerləşmədiyi əvvəlcədən araşdırılmalıdır. Sənədləri qaydasında olmayan əmlakın alınması gələcəkdə ciddi hüquqi və maliyyə problemləri yarada bilər.
Həmçinin evin qaz, su və elektrik təminatının olub-olmadığı yoxlanılmalıdır. Əmlakın sənədləri, kommunal xətlərin mövcudluğu və onların qanuni əsaslarla çəkilib-çəkilmədiyi dəqiqləşdirilməlidir.
Vətəndaşlar xüsusilə sənədləşmə məsələsində tələsməməlidirlər. Əmlak alarkən sənədləri diqqətlə yoxlamalı, hüquqi məsələlərdən kifayət qədər məlumatları yoxdursa, mütəxəssisə müraciət etməlidirlər. Sadəcə tərəflər arasında razılaşma əsasında, lazımi hüquqi rəsmiləşdirmə aparılmadan ev və ya torpaq almaq sonradan ciddi problemlərə səbəb olur.
2007-ci ildən sonra bələdiyyələrin torpaqla bağlı səlahiyyətləri və sənədlərin hüquqi qüvvəsi məsələsində də vətəndaşlar diqqətli olmalıdırlar. Bələdiyyə sənədi əsasında əmlak almazdan əvvəl həmin sənədin konkret əmlak üzrə hüquqi nəticə yaradıb-yaratmadığı və çıxarışın əldə edilməsinin mümkün olub-olmadığı araşdırılmalıdır.
Bu meyarlar əvvəlcədən yoxlanılarsa, vətəndaşın gələcəkdə təbii fəlakətlər, su basması, tikinti problemləri və sənədləşmə ilə bağlı maddi itkilərlə üzləşmə riski azalar”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız